Sərkisyan çox gözəl anlayır ki... Siyasət

Sərkisyan çox gözəl anlayır ki...

Ermənistanda milli barışıq hökuməti adı altında keçirilən proses, sadəcə, cəfəngiyyatdır. Bu sözləri Ermənistanda hakimiyyətin yuxarı qollarında başlayan istefaları şərh edərkən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, Sərkisyan hökumət dəyişikliyinə getməklə prezidentlik dövrü bitəndən sonra da hakimiyyətə nəzarəti saxlamağa çalışır: "Sərksiyanın cəmi 1 ili qalıb. Ermənistan prezidenti konstitusiyada ona görə dəyişikliklər edib ki, kimsə prezidentlik iddiasında olmasın. Ermənistan indi parlamentli respublikaya keçir və ölkəni baş nazir idarə edəcək. Sərkisyan da məhz buna görə nəzarəti öz əlində saxlayır. Görünür, indiki baş nazir Ermənistan prezidenti üçün təhlükəli olub. Ona görə də o, özü üçün məqbul olan adamı baş nazir postuna gətirməyə hazırlaşır. Ermənistanda milli barışıq hökuməti adı altında keçirilən bu proses, sadəcə, cəfəngiyyatdır".
R.Musabəyov Ermənistanda baş verən hazırkı hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ prosesinə təsirindən də söz açıb: "Xarici işlər və müdafiə naziri dəyişiləcəyi halda onlar bundan istifadə edərək vaxt udmağa çalışacaqlar. Sərkisyan bu prosesdən müxtəlif manevrlər etmək üçün istifadə edəcək. Ancaq fərz edirəm, Serj Sərkisyan çox gözəl anlayır ki, artıq qaçmağa yerləri yoxdur. Ermənilər sülhə doğru real irəliləyiş olmadan işğal olunmuş ərazilərdən çəkilməyə başlamadıqları halda bunun alternativi müharibədir".
Qeyd edək ki, Ermənistanın baş naziri Ovik Abramyan istefaya gedib. Bundan başqa müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbəndyan və bir sıra digər nazirlərin də istefaya gedəcəkləri barədə informasiya yayılıb.