Rusiyanı ciddi dəyişikliklər gözləyir Siyasət

Rusiyanı ciddi dəyişikliklər gözləyir

Rusiya sanksiyalar altındadır, ölkədə müəyyən çətinliklər yaşanır. Əlbəttə ki, ölkədə idarəetmə mexanizmini işlək etmək üçün yeni üsullar lazımdır. Ona görə də istisna olunmur ki, Rusiyada yeni nazirliklər yaradılacaq, bəziləri isə ləğv olunacaq.
Bu sözləri Rusiyada keçirilən parlament seçkisinin yekun nəticələrini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspertin qənaətinə görə, yeni parlament seçkiləri Rusiyadakı partiyaların paritetliyini bir daha ortaya qoydu:
"Sözügedən partiyalar mövcud parlamentdə hansı proporsiyalarla təmsil olunmuşdularsa, yeni parlamentdə də həminki ilə təmsil olunacaqlar. Bu o deməkdir ki, Vahid Rusiya Partiyası öz hakimliyini qoruyub saxlayacaq. Hakimiyyət islahatlar proqramı hazırlayıb və bu daha çox idarəçiliklə bağlı sahələri əhatə edəcək. Söhbət hazırda mövcud inzibati strukturun dəyişilməsindən gedir. Bildiyiniz kimi, Rusiya sanksiyalar altındadır, ölkədə müəyyən çətinliklər yaşanır. Əlbəttə ki, idarəetmə mexanizmini işlək etmək üçün yeni üsullar lazımdır. Ona görə də istisna olunmur ki, yeni nazirliklər yaradılacaq, bəziləri isə ləğv olunacaq. Bunun üçün isə parlamentin rəyi olduqca vacibdir".
Politoloq referendumdan sonra Rusiyadakı mövcud digər siyasi partiyaların ənənəvi müxalifət rolunda qalacağını deyib:
"Bu partiyalar illərdir ki, özlərini konstruktiv müxalifət kimi göstəriblər. Çox güman ki, bu proses indiki şəraitdə də davam edəcək. Ancaq bu, siyasi sistemin daha da radikallaşmasına imkan verməyəcək. Çünki radikal partiyalar parlamentdə təmsil olunmayıblar. Belə cərəyanlar parlamentdən kənar fəaliyyətlərini davam etdirəcəklər. Ola bilsin ki, bu fəaliyyət ölkədə hansısa destruktiv proseslərə gətirib çıxarsın. Lakin bunun əsas proseslərə elə də ciddi təsiri olmayacaq".
Qeyd edək ki, dünən Rusiyada keçirilən parlament seçkisinin ilkin nəticələrinə əsasən, Vahid Rusiya Partiyası 65.1 faiz səslə liderliyini qoruyub.
Rusiya Kommunist Partiyası 10.4, Rusiya Liberal Demokrat Partiyası isə 10.2 faiz səslə 2-3-cü yerləri bölüşürlər.