“Türkiyə ilə Rusiyanı yenidən tələyə salmaq istəyirlər” Siyasət

“Türkiyə ilə Rusiyanı yenidən tələyə salmaq istəyirlər”

Suriyada məsələlər tam dolaşıq düşüb. Kim kimlədir, kim kimə zərbə endirir, aydın deyil. Naqfil atəşlərin yerini "hirslənməyin, bu, səhvən baş verdi" kimi qeyri-səmimi ifadələrlə izah edilən "təsadüfi bombardmanlar" tutub.
Keçən şənbə məhz bu cür təsadüfi bombardman baş verib. Əvvəllər Əfqanıstan və Pakistanda bu cür xeyli bombardmanlar etmiş ABŞ qüvvələri bu dəfə Suriyada "səhv edib". Düzünü desək, ABŞ bunu inkar da etmir. ABŞ Mərkəzi komandanlığı (CENTCOM) ABŞ başda olmaqla koalisiya qüvvələrinin Deyr-əz-Zorda Suriya ordusunun mövqelərinə zərbə endirdiyini təsdiqləyən açıqlama dərc edib. Bu açıqlamada iddia olunur ki, Suriya hərbçilərinə "səhvən" zərbə vurulub, bu zaman hədəf İŞİD-in mövqeləri imiş.
Hər şey bu cür sadədir!
Lakin Rusiya "xeyr, bu cür olmaz" deyib BMT TŞ-nın növbəti toplantısını çağırıb. Bu mövzu KİV-də beynəlxalq koalisiyanın aviazərbələrinin gedişində Suriya hərbçilərinin həlak olduğu və bunun ABŞ-Rusiya münasibətlərində gərginliyə səbəb olduğu məlumatı ilə təqdim edilsə də, böhran xeyli dərindir və bu fakt Rusiyanın indiki və ola bilsin, gələcək reaksiyasında gizlənir.
Görünür, söhbət təkcə İŞİD və Suriya hərbçilərindən getmir. Ehtimal ki, sosial şəbəkələrdəki məlumatları diqqətlə izləyənlər bu hücumdan sonra "Yahya Kaptan" tvitter-akkauntu vasitəsilə dərc edilmiş məlumatla artıq tanış olublar. Həqiqətdə bu ayamanın arxasında kimin durduğunu bilmirik, lakin düzünü desək, bu akkauntun əvvəlki məlumatları ona çox diqqətlə yanaşmağa məcbur edir.
"Yahya Kaptan" bu hadisələr baş verdiyi anda öz abunəçiləri ilə sıradakı məlumatı bölüşüb: "Məlumat gəlir ki, kəşfiyyat məntəqəsi və Rusiyanın üç zabiti zərbə altına düşüb, Rusiya kəşfiyyatının mühüm əməkdaşları həlak olub. Danışırlar ki, ruslar bu məntəqədə İŞİD-in tutulmuş üzvlərini sorğu-suala tutub və onların ABŞ-la əlaqələrini üzə çıxarıblar. Buna görə də məntəqə bombardmana məruz qalıb. Rusiya agentlikləri iddia edir ki, Əsəd rejiminin, ən azı, 80 hərbçisinin həlak olduğu hücumda İsrail təyyarələri də iştirak edib".
Bu məlumat düzgündürsə, deməli, onda oyun təzəcə başlanır və Rusiya BMT TŞ toplantısını çağırmaqla kifayətlənməyəcək. İsrail təyyarələrinin də dəxli varsa, hər şey çıxış nöqtəsinə qayıdıb!
Türkiyənin oyuna girməyi və yeni tarazlığın yaradılması ilə "Hələb-Rakka-Mosul" üçbucağındakı bütün hesablar alt-üst oldu. Bu üçbucağı nəzarətdə saxlayan qüvvə və ya qüvvələr çoxəsrlik layihələri gerçəkləşdirmək imkanı əldə edəcək.Görünür, layihənin gerçəkləşdiyi bu üçbucaqda daha qanlı müharibələr qaçılmazdır. Deməli, proses bölüşmə uğrunda yeni istiqamətə təkamül edir. Tərəflər problemləri danışıq masası arxasında həll etməsə, onda döyüş meydanında gizli aparılan III dünya savaşı açıq gedəcək və rəsmən elan ediləcək.
ABŞ-ın indiki mərhəldə Əsədin qüvvələrinə "səhvən" zərbə endirməyi böhranda yeni "sınma"ya işarə edir. Tərəflər döyüş meydanında son kozırlarını açıq şəkildə oynayır. Dünənə kimi terrorçu təşkilatların əliylə aparılan hakimiyyət uğrunda mübarizə (özgə əliylə müharibə) öz yerini tam mənasilə hibrid müharibəyə verir və nizami ordular birbaşa prosesə qoşulmağa başlayır. Əvvəllər gözə dəyməməyə çalışan dövlətlər dalbadal ortalığa çıxır. ABŞ və İsrailin eyni zamanda həyata keçirdiyi və ehtimalı ki, əlaqələndirdiyi son iki hücum bu faktın mühüm göstəricisidir. Və Rusiya qüvvələrinin (kəşfiyyatçıların) Suriya gücləri ilə birlikdə bu hücumun hədəfi olması qarşımızda böhran içində böhran kimi meydana çıxır.
ABŞ-Rusiya münasibətlərindəki gərginlik "üstünlük vermə" baxımından Türkiyədə əksini tapmaya bilməz. Bu durum son dəfə 2015-ci il noyabrın 24-də yaşandı və dərk edildi. 24 noyabr böhranına qədər də nəzərdə tutulan bu durum iki ölkəni müharibənin astanasına apardı, çünki tərəflər tədbir görməyə tələsmədi.
Deməli, sərhədlərimizin yaxınlığındakı hərc-mərclik Türkiyə və Rusiyanı yenidən tələyə sala bilər. Ən azı, iki ölkənin silahlı qüvvələri bunu dərk edir və bu dəfə yubatmamağa cəhd edir. Bununla bağlı Rusiya SQ Baş qərargahının rəisi Valeri Gerasimovun – adıyla çəkilən doktrinanı Gürcüstan, Krım, Ukrayna və Suriyada həyata keçirən hibrid müharibənin aparıcı nəzəriyyəçilərindın birinin Ankara səfəri ümumi diqqətdən yayınmamalıdır və olduqca mühüm detaldır. İki ölkənin hərbi bölmələri arasında kommunikasiya kanallarının (qırmızı xəttin) yaradılması məsələsi üzrə əldə edilmiş sazişi bu səfərin ən mühüm yekunlarından biri saymaq olar.
Beləliklə, Türkiyə və Rusiya üçüncü tərəfə (tərəflərə) bu cür siqnallar verir:
1.Türkiyə və Rusiya ümumi təhlükə – düşmən imperializmə qarşı yenidən mübarizəyə girişir və bu təhlükəni aradan qaldırmağa yol birgə əməkdaşlıqdan keçir.
2.Türkiyə və Rusiya "Böyük Yaxın Şərq" ("Genişləndirilmiş Yaxın Şərq") və ya başqa sözlə, "Avrasiya divarı layihəsi"nə qarşı çıxış edir. Onlar bu layihənin baş tutmamağı üçün sonadək vuruşacaq.
3. Qoy heç kim gözləməsin ki, Türkiyə və Rusiya bir-biri ilə döyüşəcək. 4. Türkiyə və Rusiya çoxqütblü dünya nanminə çıxış edir.
5.Hər iki ölkə Avrasiyada birgə fəaliyyət Planlarında göstərilmiş hədəfləri istənilən qiymətə qorumağa hazırdır.

Mehmet Seyfettin Erol
Milli Gazete (Türkiyə)