“Münaqişənin həllinin siyasi-hüquqi əsasları...” Siyasət

“Münaqişənin həllinin siyasi-hüquqi əsasları...”

Hikmət Hacıyev: "BMT qətnamələri və Helsinki Yekun Aktıdır"


"Ermənistan tərəfindən işğala məruz qalan dövlət kimi, münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır".
Bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan tərəfi Vyana və Sank-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq, münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır: "KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə nəticələnməlidir. Münaqişənin həlli ilə əlaqədar yeni formul və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur. Münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur. Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir".
H. Hacıyev xüsusi vurğulayıb ki, Helsinki Yekun Aktında xalqların öz müqəddəratını təyinetmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit edilib: "Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır".