Müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirilib Siyasət

Müstəqilliyimizin 25 illiyi ilə bağlı konfrans keçirilib

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən konfrans keçirilib.
Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr edilən film nümayiş olunub. Filmin nümayişindən sonra "Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri", "Azərbaycan Respublikasının iqtisadi inkişafı" və "Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti" mövzularında məruzələr dinlənilib.
Konfransda çıxış edən Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Azərbaycanın müstəqillik uğrunda çətin yol keçdiyini diqqətə çatdırıb.
İcraçı direktor qeyd edib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyə əngəl törədəcək xeyli hadisələr baş verib, amma Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib:
"Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkə inkişaf etdi, xarici ölkələrlərlə müqavilələr imzalandı. Ulu öndərin səyi nəticəsində Azərbaycan dünyaya tanıdıldı. 2003-cü ildə prezident seçilən, Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra ölkə sürətli inkişaf yolunda qədəm qoyuldu, islahatlar aparıldı. Artıq Azərbaycan dünyada güclü dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyev ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirildi".
Sonra çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov müstəqillik illərinin ilk illərində baş verən hadisələrindən danışıb. O bildirib ki, Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub-saxlanılmasında əvəzolunmaz rolu var: "Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xeyli işlər görüb. Bu münaqişənin həlli nə qədər qəlizdir, hər kəsə bəllidir. Hazırda münaqişənin həlli ilə bağlı üç variant mövcuddur. Bunların biri beynəlxalq təşkilatların Ermənistana təzyiq edərək sülhə məcbur etməkdir. İndiki vəziyyətdə ən yaxşı variant budur. Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana təzyiqlər var. Çünki Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur, Dağlıq Qarabağla bağlı mövqeyimiz açıqdır. Əminəm ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq".
Tədbirdə digər iştirakçılar çıxış edərək Azərbaycanın müstəqilliyi ilə bağlı fikirlərini bildiriblər.