“Bizim dünyəvilik prinsipimiz var” Siyasət

“Bizim dünyəvilik prinsipimiz var”

Fransa prezidenti: "Dünyəvilik hamının sülh içində yaşaya bilməsinə imkan yaradır"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının bugünkü plenar iclasında Fransa prezidenti Fransua Olland çıxış edib.
Olland çıxışında əsasən Fransa ilə Avropa Şurasıvə digər Avropa qurumları arasındakı münasibətlərə, eləcə də dünyada baş verən əsas hadisələrə toxunub.
Son günlər Fransa-Rusiya münasibətlərinin gərginləşməsindən söz açan Fransua Olland, Paris və Moskva arasında böyük fikir ayrılığının olduğunu deyib və buna səbəb kimi Suriyada baş verənləri göstərib: "Fransa Suriya məsələsi ilə əlaqədar bir çox məsələlərdə Rusiya ilə ciddi şəkildə razı deyil. FransanınSuriya ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnaməyə Rusiyanın veto qoyması Suriyada atəşkəsin əldə edilməsinə və bombardmanların dayandırılmasına mane oldu. Bunun nəticəsində əziyyət çəkən, bombardmanlar altında yaşamağa məcbur olan, həyatlarını itirənSuriya xalqıdır. Bu baxımdan, hesab edirəm ki, Rusiya ilə dialoq çox vacibdir, amma bu dialoq çox açıq və aydın olmalıdır. Əks halda bu, dialoqun imitasiyası olacaq. Mən Vladimir Putinlə görüşməyə hər zaman hazıram, amma əgər bunun nəticəsində sülhün əldə edilməsi, bombardmanların dayandırılması və atəşkəsin əldə edilməsi istiqamətində irəliləyişə nail ola biləcəyiksə..."
Fransua Olland Türkiyə ilə dialoqun önəmini də vurğulayıb: "Çünki Türkiyə Suriyaməsələsində çox mühüm rol oynayır, qaçqınların qəbul edilməsi məsələsində mühüm səylər göstərir, Suriya məsələsinin həllində marağı olan ölkədir. Türkiyədə 15 iyul tarixində dövlət çevrilişinə cəhd baş verdi. Türkiyə belə bir vəziyyətlə üz-üzə gəldi, amma Türkiyə eyni zamanda vəziyyətin ağırlığına və ölkədə fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq, bizi birləşdirən prinsip və dəyərlərə hörmətlə yanaşmalıdır".
Fransa prezidenti çıxışından sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın Avropada multikulturalizm ideyasının tənəzzülə uğradığı, bunun nəticəsində terrorizmin baş qaldırmasını əsas gətirərək, Avropada multikulturalizm ideyasının yenidən canladırılması üçün nələr edilə biləcəyinə dair sualına cavab verən Fransua Olland Fransanın dünyəvilik modelini misal çəkərək bütün dini təriqətlərin sülh içində birgə yaşamasının mümkün olduğunu bildirib.
"Siz bir cəmiyyətdə müxtəlif olan dini təriqətlərin sülh içində yaşaya bilməsini soruşdunuz. Fransada bizim dünyəvilik prinsipimiz var və bu dünyəvilik hamının sülh içində yaşaya bilməsinə, dini azadlıqların təmin edilməsinə və bütün təriqətlərin özlərini ifadə etməsinə imkan yaradır. Əlbəttə, hər bir vətəndaşımız öz dini azadlığından tam şəkildə istifadə edə bilməlidir. Ancaq təbii ki, bu, ümumi yaşam tərzimizə, ictimai həyatımıza heç cür təsir göstərməməlidir. Yəni, dini adət və qaydalara nisbətən başda qanun durmalıdır. Bir sözlə, biz bir yerdə yaşaya bilərik və bizim öz qaydalarımızdan çəkilmək fikrimiz yoxdur. Əsasən də Fransa üçün bu dünyəvilik qaydası çox mühüm məsələdir".