Qənirə Paşayeva AŞPA-da Xocalı soyqırımından danışıb Siyasət

Qənirə Paşayeva AŞPA-da Xocalı soyqırımından danışıb

Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) sessiyasında "Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru" adlı qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva çıxış edib: "Bu qərar layihəsinin məqsədi soyqırımların, insanlıq əleyhinə cinayətlərin, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır. Mənim və mənim kimi minlərlə azərbaycanlının bəzilərinin ailə üzvləri, qohumları, dostları Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı qətlə yetiriliblər. Və biz insanlıq əleyhinə cinayətlər, savaş cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini ən çox dəstəkləyən ölkə və xalqlardan biriyik. AŞPA-da bir çox qərarlar alınır, amma yenə də soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin şahidi oluruq. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməməlidir, həmin qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir".
Q. Paşayeva bildirib ki, AŞPA prinsiplərinə görə təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğalda saxlaya bilməz: "Bunu edən ölkəyə qarşı ciddi tədbirlər görülməlidir. Amma Azərbaycan torpaqlarının 20 faizini 20 ildən artıqdır ki işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurasıtərəfindən heç bir ciddi addımlar atılmır. Ermənistan Xocalıda bir gecədə çoxu qadın, uşaq, yaşlı olmaqla 613 insana qarşı dəhşətli soyqırım həyata keçirib, yüzlərlə azərbaycanlı əsir, girov götürülüb, onlara işgəncə verilib, minlərlə insan sağlamlığını, ailə üzvlərini, evini itirib və bu gün Xocalısakinləri də daxil olmaqla, 1 milyon azərbaycanlı köçkün öz evinə dönə bilmir. Bu soyqırımı törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Onların bir hissəsi Ermənistanda yüksək vəzifələr tuturlar. Əsir, girov götürdükləri azərbaycanlılara qarşı işgəncələr verənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Xocalı sakini, erməni girovluğunda olmuş və yaşadığı dəhşətləri "Səkkiz gün erməni zindanında" adlı kitabında əks etdirən Dürdanə Ağayeva ilə söhbətim zamanı o dedi ki, bütün Xocalısakinləri sadəcə, bir şey istəyir: Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsini və öz evlərinə qayıtmalarına şərait yaradılmasını. Bu, əslində torpaqları, evləri işğal altına düşmüş milyonlarla insanın AŞPA-ya çağırışıdır. Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir. Ədalətin bərpası bundan keçir. Ümid edirəm ki, bu gün qəbul olunacaq sənəd insanlıq əleyhinə cinayətlərə qarşı ciddi bir mübarizə imkanı yaradacaq və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyik".