Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb Siyasət

Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva AŞPA-da "azad müzakirələr" zamanı Azərbaycan əleyhinə çıxışlar edən Ermənistan nümayəndə heyətinə cavab verib.
Q. Paşayeva əvvəlcə Ermənistan nümayəndələrinin "Dağlıq Qarabağ Respublikası" ifadəsindən istifadə etmələrinə etirazını bildirib: "Bu ifadə AŞPA qətnamələrinə tamamilə ziddir. Dünyada "Dağlıq Qarabağ Respublikası" deyilən bir yer yoxdur, ora Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarıdır, Azərbaycanın Dağlıq Qarabağ bölgəsidir. AŞPAqətnamələrində də məhz bu cür öz əksini tapır. Dünyanın heç bir ölkəsi Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı, saxta erməni rejimini tanımır və bütün ölkələr, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
Q. Paşayeva qeyd edib ki, Avropa Şurasına üzv olan bir ölkə digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz: "Ukrayna ilə bağlı müzakirələr zamanı AŞPA bu barədə birmənalı mövqeyini ortaya qoydu. O zaman mən assambleyadan, sizdən soruşmaq istəyirəm. Nə üçün Azərbaycanın 20 faiz torpaqlarını 25 ilə yaxındır işğal altında saxlayan işğalçı Ermənistana qarşı ciddi addımlara əl atılmır? Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir, 25 ilə yaxındır ki, onların haqlarını tapdalamaqda davam edir. O insanlar sizdən soruşurlar ki nə üçün Ermənistana qarşı AŞPA heç bir ciddi addım atmır? AŞPA-nın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 10 ildən çox vaxt keçir, amma Ermənistan onu yerinə yetirmir. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulundan aylarla zaman keçir, amma Ermənistan onu da yerinə yetirmir. Avropa məhkəməsi azərbaycanlı köçkünlərlə bağlı "Çıraqov və başqaları Ermənistana qarşı" adlı qəraq qəbul edir. Ermənistan onu da yerinə yetirmədən imtina edir və AŞPA işğalçı ölkənin törətdiyi bu dəhşətli əməlləri dayandırmaq üçün ciddi addımlara əl atmır. Ermənistan təşkilatımız və baş katib Yaqlandın bütün çağırışlarına baxmayaraq, hələ də azərbaycanlı məcburi köçkünlər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlamaqda davam edir. Assambleyamız Ermənistanın insan haqlarına bu qədər zidd əməllərinə artıq susmamalıdır və ciddi addımlar atmalıdır. Biz AŞPA -nı işğalçı Ermənistana ciddi təzyiqlər göstərməyə çağırırıq".