“Bütün elementlər müzakirə olunmalıdır” Siyasət

“Bütün elementlər müzakirə olunmalıdır”

Ceyms Uorlik: "Biz hər hansı bir mövzunu seçib, onu ümumi kontekstdən kənar müzakirə edə bilmərik "

"Aprel hadisələri çoxsaylı insan itkisinə səbəb oldu, lakin tərəflər bir-birini günahlandırmamalıdır".
Bu sözləri İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin hadisələr göstərib ki, sülh danışıqları çox vacibdir: "Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu bizim apardığımız danışıqlar üçün çox vacib təməl təşkil edir. Ümid edirik ki, atəşkəsə hörmət davam etdiriləcək. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların nəticəsidir. Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq".
Ceyms Uorlik bildirib ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsi müzakirə olunursa, eyni zamanda status məsələsi də müzakirə olunmalıdır: "Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq. Münaqişənin hərtərəfli həlli barədə tez-tez danışılır. Biz anlamalıyıq ki, bütün elementlər müzakirə olunmalıdır. Biz hər hansı bir mövzunu seçib, onu ümumi kontekstdən kənar müzakirə edə bilmərik. Buraya qaçqın və məcburi köçkün məsələsi, sülhməramlı qüvvələrin mandatı məsələsi daxildir. Bunlar hamısı paket müzakirələrdir".
Uorlik deyib ki, Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmağa və həllə nail olmağa çalışır.
Region sakinlərinin sülh şəraitində yaşamaq hüququnun olduğunu xatırladan həmsədr bildirib ki, Azərbaycan və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşadığını görmək onun arzusudur: "Dağlıq Qarabağ münaqişəsinin həllində insanlar arasında əlaqələrin olması vacibdir. Minsk qrupunun vasitəçilər isə bu əlaqələri dəstəkləməyə çalışır".