Ankara siyasi nəticələr gözləyir... Siyasət

Ankara siyasi nəticələr gözləyir...

Erkan Özoral: "Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması üzərində iş aparılır"


Cümhuriyyət bayramı həm Türkiyənin, həm də Azərbaycanın bayramıdır. Bunu Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral Trend-ə müsahibəsində deyib.
Səfir qeyd edib ki, Azərbaycanda yeni vəzifəyə başlaması çox özəl bir vaxta təsadüf etdi: "Belə ki, oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanda bundan əvvəl də - 2005-2009-cu illərdə çalışmışdım. O zamanlar Azərbaycanın inkişaf səviyyəsini görürdüm. Lakin ötən 7 ildən sonra Azərbaycanın daha da inkişaf etdiyinə şahid oldum. Azərbaycan 25 ildə müstəqillik yolunda, müstəqilliyin möhkəmləndirilməsi məsələsində çox böyük addımlar atıb. Mən hər şeydən əvvəl Azərbaycan xalqını, hər birimizi müstəqilliyin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edirəm".
Diplomat bildirib ki, bu yaxınlarda Türkiyə Cümhuriyyətinin 93-cü ildönümü qeyd ediləcək: "29 oktyabrda Cümhuriyyətimiz 93 yaşına qədəm qoyacaq. Azərbaycanın Müstəqillik Günü hamımızın bayramı olduğu kimi, Cümhuriyyət bayramı da həm Türkiyənin, həm Azərbaycanın bayramıdır".
Erkan Özoral bu il bir qədər gərgin olduqlarını deyib: "Türkiyə olaraq çox böyük bir təhlükəni geridə buraxdıq. Millətimizin ayıq-sayıqlığı, cənab prezidentimizin cəsarəti və türk millətinin prezidentin arxasında tək yumruq kimi dayanması sayəsində həqiqətən də çox böyük bir təhlükəni adladıq. Cümhuriyyət tarixi boyunca, hətta, demək olar, dünya tarixi boyunca görünməmiş dərəcədə böyük bir xəyanətlə qarşılaşdıq. İllərdən bəri dövləti ələ keçirmək üçün din pərdəsi altında fəaliyyət göstərən, insanların yaxşı niyyət və duyğularından sui-istifadə edən bir terror təşkilatı 15 iyun 2016-cı il tarixində, daha əvvəl müxtəlif yollarla həyata keçirə bilmədiyi məqsədinə çatmaq üçün bu dəfə uniformalı terrorçuların əli ilə dövlət çevrilişinə cəhd etdi. Bu, əlbəttə ki, türk millətinin qəbul edə biləcəyi bir durum deyildi. 15 iyun günü xalqımız bu xəyanətə qarşı küçələrə çıxaraq, cənab prezidentimizin təlimatı ilə qiyamçılara lazımi dərs verdi".
Səfir əmin olduğunu bildirib ki, bu yaşananlardan sadəcə Türkiyə deyil, bütün dünya da lazımi nəticə çıxarır: "Hələ bəziləri bu istiqamətdə cəhdlərindən vaz keçməsə də, buna təkrar cəhd etməyi düşünsə də, artıq kiminsə rahat şəkildə belə şeylərə cəsarəti çatmayacağından əminəm. Mən Azərbaycan hökumətinin, Azərbaycan xalqının bu müddətdə Türkiyə Cümhuriyyətinə verdiyi dəstək üçün başda cənab Prezident İlham Əliyev olmaqla, hər bir Azərbaycan vətəndaşına dönə-dönə təşəkkür etməyi özümə bir borc bilirəm".
Diplomat əlavə edib ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra keçirilən aksiyalarda, nümayişlərdə Azərbaycan bayrağı ilə Türkiyə bayrağı hər zaman yan-yana oldu: "Ay ulduzlu iki bayraq bütün bu aksiyalarda, tədbirlərdə bərabər oldu. Təbii ki, bu bizim bir-birimizə nə qədər yaxın iki dövlət olduğumuzu, bir millət olduğumuzu açıq şəkildə göstərir".
Səfir Türkiyə və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşü zamanı müzakirə olunan Ankara-Bakı-Moskva üçtərəfli formatının yaradılması ideyasına da münasibət bildirib və qeyd edib ki, Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir.
Səfirin sözlərinə görə, üçtərəfli formatlar üç ölkə arasında siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə çıxararaq, regional inkşafa ciddi dəstək verəcək.
Azərbaycan və Türkiyənin digər ölkələrlə həyata keçirdiyi üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyətini qeyd edən diplomat bildirib ki, belə formatda əməkdaşlıq ölkələrin xalqlarına daha böyük fayda verəcək: "Bunun ən yaxşı nümunəsi Gürcüstanla olan üçtərəfli formatdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin üç ölkəyə qazandırdığı ortadadır. İnşası davam edən və yaxın zamanlarda tamamlanması gözlənilən Bakı-Tbilsi-Qars dəmir yolu layihəsinin üç ölkəyə, həmçinin bütün Avrasiyaya fayda verəcəyi hamıya məlumdur".
Erkan Özoral diqqətə çatdırıb ki, eyni formatda İranla əməkdaşlıq da hər üç ölkənin xalqlarının xeyrinə olacaq.
Səfirin sözlərinə görə, Türkiyənin Orta Asiyaya gedən yolları diversifikasiya etməsi ilə Azərbaycan bu istiqamətdə əsas məntəqə olacaq: "Bütün bunlar Xəzər dənizindəki gəmi daşımaları, Ro-Ro səfərlər, regiondakı dəmir yolu daşımalarına müsbət təsir edəcək".
O əlavə edib ki, üçtərəfli əməkdaşlıq bir tərəfdən üçtərəfli iqtisadi əməkdaşlığın inkişafına dəstək verəcək, digər tərəfdən, üç ölkənin münasibətlərini gücləndirərək ölkələri siyasi baxımdan bir-birinə daha da yaxınlaşdıracaq: "Bütün bunlar regionda sülh və əmin-amanlığa çox böyük dəstək verəcək".
Diplomatın sözlərinə görə, son zamanlar Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması üzərində iş aparılır.
Səfir Erkan Özoral müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə də toxunub və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır: "Qarabağ problemi artıq öz ədalətli həllını tapmalıdır".
Diplomat bildirib ki, uzun illərdir ATƏT-in Minsk qrupu çərçivəsində problemin həlli və münaqişənin nizamlanması istiqamətində addımlar atmağa səy göstərilir: "Lakin çox təəssüf ki, Türkiyənin də dəstəklədiyi danışıqlar prosesi bu günə qədər müsbət nəticə verməyib. Ümid edirik ki, bu müzakirələr artıq konstruktiv keyfiyyət qazanacaq və məsələnin həlli istiqamətində konkret addımlar atılacaq".
Onun sözlərinə görə, Türkiyə Qafqazın sülh və əmin-amanlıq bölgəsi olmasını istəyir: "Türkiyə olaraq bölgəmizdə və xüsusilə də qonşu ölkələrdə yaşanan münaqişə və problemlərdən kifayət qədər əziyyət çəkirik. Bu kontekstdə Qafqaz bölgəsinin bir "sülh adası" kimi bütün dünyaya nümunə olmasını istəyirik".
Erkan Özoral diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü prinsipi çərçivəsində, davamlı və ədalətli şəkildə həll olunmalıdır: "Türkiyə bu prinsiplər çərçivəsinlə Azərbaycanın qəbul edəcəyi istənilən həll yolunu hər zaman dəstəkləyib və dəstəkləməyə davam edəcək. Sülhün əldə olunması üçün hər cür dəstək verməyə hazırıq. Problemin həlli gecikdikcə Azərbaycanın məruz qaldığı böyük haqsızlıq daha da artır".