Sui-qəsdin pərdəarxasındakı ölkə Siyasət

Sui-qəsdin pərdəarxasındakı ölkə

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsd hazırlanmasının qarşısı alınsa da prosesin pərdəarxası məqamları aktual olaraq qalır. Hadisə üzdə icra başçısına sui-qəsd kimi görülsə də əslində çox fərqli məqsədləri özündə ehtiva edir.

Sui-qəsdin pərdəarxasındakı ölkə İrandır. Tehran faktiki olaraq Azərbaycan ilə bağlı siyasətində korrektələr edib. Daha doğrusu buna məcbur olub. Belə ki, bu günə qədər İran ölkədəki şiə inanclı şəxsləri hədəf alır, onlar üzərindən daxildə sabitliyi pozmağa, dini ekstremizmi, radikallığı artırmağa çalışırdı. Lakin DTX-nın keçirdiyi ardıcıl əməliyyatlar fonunda Tehranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbə vuruldu.

İranı bu gün Azərbaycan siyasətində karrektəyə məcbur edən səbəb məhz budur. Tehran buna görə də “B” planını aktivləşdirib. Söhbət “Talış” kartından gedir.

Məsələnin daha anlaşılan olması üçün deyim ki, bir müddət öncə İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış – İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirildi. Konfransda əsas məruzəçi qismində çıxış edən şəxs Boris Talışinski idi. Bu şəxs özünü qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim edir. Hətta özünü “Ələkrəm Hümbətovun varisi” adlandırır.

İndisi isə qayıdaq sui-qəsd cəhdinə. Bu konfransdan qısa müddət sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd cəhdi edilir. Bundan başqa regionda ingilis dili dərsi keçən xarici ölkə vətəndaşlarına qarşıda sui-qəsd cəhdinin qarşısı alınıb.

Sui-qəsd cəhdləri baş tutsaydı bu ciddi rezonas doğurardı və daxildə sabitliyi pozardı. İran və onun dəstəklədiyi Boris Talışinski, habelə “talış muğan respublikası mühacir hökuməti” geniş şəkildə bundan istifadə edər, öz prestijlərini artırmağa çalışardı.

Xoşbəxtlikdən DTX-nın operativ və yüksək dəqiqliklə keçirdiyi əməliyyatlar nəticəsində sui-qəsd cəhdləri baş tutmadı və Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlu saxlanıldı.

Əslində saxlanılan şəxsin özü də diqqət çəkir. Belə ki, o, Rusiyada yaşayan bir şəxsdir. Görünür DTX-nın keçirdiyi ardıcıl əməliyyatlar fonunda Azərbaycandakı İran agenturasına düşündüyümüzdən də çox zərər vurulub. Buna görə də məlum hadisə kimi cəhdlərə xarici ölkələrdə yaşayan azərbaycanlılar cəlb edilir. Təəssüf ki, bu həm də onu deməyə əsas verir ki, Rusiyadakı məscidlərin və dini sektorlarda İran təsiri var. Tehran, Rusiya, Türkiyə mərkəzi Asiya, habelə Yaxın Şərq ölkələrindən ölkəmizə ekstrimist ixracına başlayıb.

Bütün bunlara baxmayaraq İranın “Talış” kartından istifadəsi, habelə bu planın uğurlu olacağını düşünmürəm:

Birincisi, talışlar Azərbaycan cəmiyyətinin bir parçasıdır və separatçı meyilləri yoxdur. Talışların 44 günlük İkinci Qarabağ müharibəsi başda olmaqla, Azərbaycanın keçirdiyi əməliyyatlarda aktiv iştirak edib şəhid verib, onlarla qaziləri var. Azərbaycançılıq şüuru talışlarda yüksək səviyyədədir.

İkincisi, DTX xidməti və digər xüusi xidmət orqanları operativ və peşəkarlıqla xidmət göstərirlər. DTX-nın keçirdiyi son əməliyyat da daxil olmaqla son illərdə görülən tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkədə ixtişaş törətmək separatçı meyilləri yükləmək, habelə terror cəhdləri etmək mümkünsüzdür...

Turan Rzayev, politoloq