Ermənistandan etiraf Siyasət

Ermənistandan etiraf

Azərbaycan ordusu işğaldakı ərazilərin üçdə bir hissəsinə nəzarəti ələ alıb

Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb.
Erməni rəsmilər bunu istəməyərək olsa da, etiraf ediblər.
Hər şey apreldə "dördgünlük müharibə" zamanı Talış kəndini tərk edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı ortaya çıxıb.
Qeyd edək ki, işğal altındakı Talış kəndi və ətraf bölgələr Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordumuz buna "dördgünlük müharibə" zamanı işğaldan azad etdiyi yüksəkliklər hesabına nail olub. Hazırda Ordumuzun əlində olan yüksəliklər 10 kilometrlərlə əraziyə nəzarət etmək imkanı verir. Ermənilərin geri qayıtmaq istəməməsinin səbəbi də budur.
Erməni rəsmilərin dedikləri isə orduzumun nəzarətində olan ərazilərin daha çox olduğunu deməyə əsas verir.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talış kəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa çağırıb.
Daha sonra o, Azərbaycan Ordusunun daha çox əraziyə nəzarəti ələ aldığını da dolayısı ilə etitaf edib.
"Əgər düşünürüksə ki, Azərbaycan əsgərlərinin nəzarəti altında olduğuna görə, o ərazilərə qayıtmamalıyıq, o zaman, digər əraziləri də tərk etməliyik. Çünki onlar (Azərbaycan əsgərləri - red) ərazilərin 1/3 hissəsinə nəzarət edir. O zaman nəzarət altındakı digər ərazilərdə də məskunlaşmaq doğru deyil. Hesab edirəm ki, biz belə düşünməməliyik və insanlar geri qayıtmalıdır", - deyə o, vurğulayıb.
E. Şarmazanov geri qayıdanlara pul veriləcəyi vədini də verib.
Ermənistanın "lragir" saytı isə yazır ki, aprel müharibəsində qaçan ermənilərin yarısı Xankəndində, yarısı da İrəvanda yaşayır.
Sayt əlavə edib ki, məsələ onların geri qayıdıb-qayıtmaması yox, Ermənistanın aprel müharibəsində dəyişən sərhədlərlə artıq razılaşmasıdır: "Serj Sarkisyan Sankt-Peterburq görüşündən sonra mülki geyimdə dəyişmiş sərhədlərə baxış keçirdi. Əslində, onun mülki formada olması yeni reallığı qəbul etməsi idi".