“Qərb terrora həmişə dəstək verib” Siyasət

“Qərb terrora həmişə dəstək verib”

Türkiyə səfiri: "Avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər"

"Çalışacağım müddət ərzində "bir millət, iki dövlət" prinsipinə sadiq qalacağam".
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral media nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, iki ölkə arasında əlaqələr 15 iyul hadisəsindən sonra nümunəvi hala gəlib: "Qardaşlıq münasibətlərimiz təbii ki, əbədidir. Amma Azərbaycan hökumətinin, dövlətinin, prezidentinin bizə 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə bu anlayışı öndə tutacağam və buna uyğun davranacağam".
Səfir Azərbaycanı 2011-ci ildə tərk etdiyini və bu il yenidən Azərbaycana – bu dəfə səfir kimi - qayıtdığını nəzərə çatdırıb: "Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bu sahədən biri də mətbuat sahəsidir".
Türkiyədə baş verən son olaylara diqqət çəkən Erkan Özoral deyib ki, millət vəkillərinin həbs olunması ilə bağlı proses yeni başlamayıb. Səfir qeyd edib ki, bütün partiyalardan olan millət vəkillərinin toxunulmazlığı aradan götürülüb.
O bildirib ki, ifadəyə çağırılan digər millət vəkilləri bu günə kimi gedib ifadə veriblər: "Bu millət vəkillərinin həbsinin səbəbi indiyə kimi ifadə verməmələridir. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır. İşlənən günahın cəzası verilməlidir".
Erkan Özoral dekabr ayında TürkPA-nın katibliyinin yeni binasına daşınacağını, bu məqsədlə TBMM sədrinin Azərbaycana səfərinin gözlənildiyini söyləyib.
Səfir Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlə bağlı hazırlıqların davam etdiyini də vurğulayıb.
Səfir əlavə edib ki, hazırda Türkiyədə terrorda ittiham olunan şəxslərun Almaniya mühacirət etdiyini də xatırladıb və təəssüflə qərb ölkələrinin terrora həmişə dəstək verdiklərini deyib: "Onlar hazırda Almaniyanın himayəsindədir. Biz ABŞ-dan Fətullah Gülənin təhvil verilməsini gözləyirik. Hesab edirik ki, onun qaytarılmaması Türkiyəyə qarşı münasibətin göstəricisidir. Avropalılar əvvəlcə terrorla mübarizə sahəsində gördükləri işləri və öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiklərini nəzərdən keçirsinlər".