“Ermənistan hər zaman Cənubi Qafqazda Rusiyanın forpostu olub” Siyasət

“Ermənistan hər zaman Cənubi Qafqazda Rusiyanın forpostu olub”

Emin Həsənli: "Həmin birləşmə Dağlıq Qarabağ ərazisində döyüşə bilməz"

Qabil Hüseynli: "Putinin sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır"

Zaur Məmmədov: "Artıq İrəvan heç ordusuna belə nəzarət edə bilməyəcək"

"Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri-Rusiya, Fransa, ABŞ zaman-zaman ikili münasibət ortaya qoyub. ABŞ Dağlıq Qarabağdakı separtçı rejimə yardım edir, Fransa ermənipərəst siyasət aparır, Rusiya isə silah verir". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli Rusiya ilə Ermənistanın birgə qoşun qruplaşması yaratmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, aprel ayındakı döyüşlər Ermənistan ordusunun acınacaqlı durumunu göstərdi: "Azərbaycan Silahlı Qüvvələri işğalçı tərəfin hərbi qüvvələrini darmadağın etdi. Ermənistanın müdafiə naziri başda olmaqla onlarla general vəzifəsindən azad edildi. Ermənistanda bu gün xof, qorxu davam edir".
Hərbi ekspert Rusiyanın Ermənistana silah verməsinə, "İsgəndər" raketlərini nümayiş etdirməsinə diqqət çəkib: "Ermənistan hər zaman Cənubi Qafqazda Rusiyanın forpostu olub və müstəqil dövlət deyil. Ermənistanın dünyanın hansı dövləti ilə hərbi birləşmə yaratmasından asılı olmayaraq, həmin birləşmə Dağlıq Qarabağ ərazisində döyüşə bilməz. Hətta Ermənistanın özü belə döyüşə bilməz, ona görə ki, həmin ərazilər bizimdir və dünya birliyi tərəfindən ölkəmizin ərazi bütövlüyü tanınır. Yaxşı olardı ki, Rusiya və digər vasitəçi dövlətlər BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirəydilər, ədalətli mövqe tutardılar. Çünki bu bu cür addımlar regionda sülhə mənfi təsir göstərir, Amma hesab edirəm ki, atılan belə addımlar müvəqqətidir və Ermənistan cəmiyyətini sakitləşdirməyə yönəlib. Onsuz da Ermənistan ərazisndə Rusiyanın iki hərbi hissəsi var. Bu ölkənin Türkiyə və İranla sərhəddini Rusiya qoruyur. Erməni zabirlərinə təlimləri də Rusiya hərbçiləri keçir. Amma bu cür variantlarla Azərbaycan ordusunun qarşısında durmaq mümkün deyil. Ermənistanın qoşun birləşməsi yaratmasının heç bir effekti olmayacaq. Sarkisyan rejiminin sonu gəlib çatıb, Ermənistanın özünün bir dövlət kimi mövcudluğu təhlükə altındadır. İşğalçının yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Amma son proseslər də sübut etdi ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmək iqtidarında deyil".
Politoloq Qabil Hüseynli deyib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi çox təhlükəli bir tendensiyadır, Cənubi Qafqazı təhdid edən bir situasiya yaradır. Q. Hüseynli bildirib ki, hazırda Rusiya Ermənistanı pulsuz silahla təchiz edir, son aylarda isə Ermənistana orta mənzilli İsgəndər-M tipli ballistik raketlər, TOS tipli ağır odsaçan silahlar və digər taktiki raketlər göndərib: "Yəni, Ermənistan kifayət qədər Rusiya tərəfindən silahlandırılır. Ermənistanın hava hücumundan müdafiə sistemi bütünlüklə Rusiyaya tabe etdirilib və hava hücumundan müdafiə sisteminin qurulması Rusiya mütəxəssisləri tərəfindən aparılır. Ermənistanın sərhədlərini onsuz da Rusiya qoşunları qoruyurdu. Ermənistanın əksər zavodları da borc əvəzində Rusiyanın ixtiyarına keçib. Faktiki olaraq, Ermənistan suverenliyini itirə-itirə gedir. İndi isə qoşunların birləşmiş qruplaşmasının yaradılması adı altında qoşunların birləşdirilməsi prosesi gedir. Yəni Ermənistan qoşun birləşmələri ilə Rusiya qoşun birləşmələri vahid kontingentdə birləşir. Guya birləşmiş qoşunların komandanlığı Ermənistana tapşırılır, amma müharibə prosesində guya bu prosesə Rusiya rəhbərlik edir. Qısası, vəziyyət çox gərgindir. Rusiya Cənubi Qafqazı təhdid edən bir şəraitin formalaşmasına çalışır. Bu təhdid həm Gürcüstana, həm də Azərbaycana qarşıdır".
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə kimi Rusiya faktiki status-kvonun dəyişdirilməsini istəmir: "2-5 aprel hadisələrindən sonra Azərbaycana vədlər verilməsinə baxmayaraq, bu vədlərin üzərindən sükutla keçildi. İndi isə Rusiya vəziyyəti hərbi qarşıdurma səviyyəsinə gətirib çıxarmaq istəyir. Bu, çox təhlükəli bir tendensiyadır. Onlar iddia edirlər ki, bu qoşunlar Dağlıq Qarabağ ərazisinə getməyəcək. Amma Dağlıq Qarabağda qulluq edən hərbçilər Ermənistan hərbçiləridir. Ermənistan bu qoşunları istənilən vaxt Dağlıq Qarabağ ərazisinə yeridə bilər. Azərbaycan ordusu da hərbi təlimlər keçir. Azərbaycan artıq yaxşı başa düşür ki, ATƏT-in Minsk Qrupunun apardığı sülh danışıqları dalana dirənib. Ona görə də Azərbaycan ordusunu təkmilləşdirir və müharibəyə hazırlaşdırır. Cənubi Qafqazda müharibəyə alternativ görünmür və bölgə yenidən ciddi hərbi qarşıdurmalar səhnəsinə çevrilə bilər".
Politoloq deyib ki, İndiki şəraitdə Rusiyanın belə bir addım atmasına rasional qiymət vermək çox çətindir. Politoloq bildirib ki, Azərbaycan ilə normal münasibətlərin davam etdiyi zamanda Rusiyanın belə bir addım atması məntiqi deyil. u sazişin Azərbaycan üçün nəticələrinə gəldikdə isə Z. Məmmədov bildirib ki, illərdir Dağlıq Qarabağa status-kvonun dəyişilməsinə izin verilməməsi hamıya məlumdur: "Artıq İrəvan heç ordusuna belə nəzarət edə bilməyəcək. Yəni əgər dünənə qədər ordudan başqa bütün sahələrə ruslar nəzarət edirdilərsə, dünəndən etibarən ordu da onların leqal nəzarətinə keçdi".

Əli