“Donald Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və bunlardan biri İlham Əliyevdir” Siyasət

“Donald Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və bunlardan biri İlham Əliyevdir”

Elxan Şahinoğlu: "Demək, münasibətlərin gələcək inkişafı üçün artıq indidən möhkəm zəmin formalaşıb"

Sahib Alıyev: "Tramp Azərbaycanın regionda oynadığı rolu öz sələfindən daha yaxşı dərk edir"

Prezident İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edib. Dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, Prezident İlham Əliyev haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Barak Obamanın 8 illik prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətləri istənilən səviyyədə inkişaf etmədi: "Vaşinqton Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya təhvil verdi, rəsmi Bakı isə Dövlət Departamentinin diqqəti insan haqları və demokratiya məsələlərinə yönətlməsindən narazı qalaraq Azərbaycanda Amerikaya bağlı fondları qapatdı.
Barak Obama gedir. Ona görə də bugünlərdə Bakıya gələcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin səfərinin elə bir əhəmiyyəti yoxdur. Barak Obama administrasiyası 8 ildə Azərbaycanla münasibətlərdə gərəkən məsafəni qət edə bilmədisə, Ağ Evi tərk etməli olduğu 2 ayda münasibətlərdə nə dəyişə bilər ki? Ona görə də digər paytaxtlar kimi rəsmi Bakı da Donald Trampın prezidentliyini gözləyir.
Son iki gündə Azərbaycan prezidenti İlham Əliyev bu və ya digər şəkildə iki dəfə Donald Tramp mövzusuna toxunub.
Birincisi, İlham Əliyev Donald Trampa zəng edərək onu prezident seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaiyyətində uğurlar arzulayıb.
İkincisi, İlham Əliyev xarici jurnalistlərdən birinin sualına cavab verərkən, Donald Tramp haqqında müsbət fikirdə olduğunu deyib.
Donald Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və bunlardan biri İlham Əliyevdir. Demək, münasibətlərin gələcək inkişafı üçün artıq indidən möhkəm zəmin formalaşıb. Telefon danışığında Trampın İlham Əliyevə ünvanlanmış bu sözləri də diqqəti çəkib: "Sizin haqqınızda çox xoş sözlər eşitmişəm". Ayrıca, Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı da xahiş edib...".
O əlavə edib ki, Azərbaycanın Trampdan ən böyük gözləntisi həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığı artırmaqdır: "Barak Obama prezident olduğu 8 ildə Azərbaycan prezidentini Ağ Evə dəvət etmədi. Rəsmi Bakı Trampdan bu buzu da sındırmasını gözləyir. Çünki, əvvəlki prezidentlər – Bill Klinton və Corc Buş Azərbaycan prezidentlərini Ağ Evə dəvət etmişdilər. O ki qaldı, Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına Tramp administrasiyası Obama administrasiyasının siyasətini davam etdirədək, bu məsələdə rəsmi Bakıya dəstəyini davam etdirəcək. Ancaq Tramp administrasiyasının da rəsmi Bakıdan istəkləri olacaq...".
Millət vəkili, politoloq Sahib Alıyev isə diqqətə çatdırıb ki, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Amerikanın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub: "Cənab İlham Əliyev Donald Trampı seçkidə qazandığı qələbəylə bağlı təbrik edib. Verilən rəsmi bilgiyə görə, Tramp təşəkkür edib və dövlət başçımız haqqında çox xoş sözlər eşitdiyini bildirərək ona işlərində uğurlar arzulayıb! Telefon danışığında ikitərəfli əlaqələrin daha da möhkəmləndirlməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Elə bu telefon danışığına da dayanaraq ümid edirəm ki, cənab Tramp Azərbaycanın regionda oynadığı rolu öz sələfindən daha yaxşı dərk edir və ondan daha yaxşı qiymətləndirəcək".

Əli