“Ermənistanın havadarları çalışırlar ki, vəziyyət dəyişməsin” Siyasət

“Ermənistanın havadarları çalışırlar ki, vəziyyət dəyişməsin”

Akif Nağı: "Beləcə diqqət işğal faktından uzaqlaşdırılsın"

"Ümumiyyətlə, Ermənistan rejimi həm ölkəsinin daxilində, həm də cəbhə xəttində vaxtaşırı müəyyən təxribatlar törədir və müəyyən addımlar atırlar. Təbii ki, bunların hamısı diqqətin Azərbaycana qarşı törədilmiş işğal faktından uzaqlaşdırılmasına, yayınmasına xidmət edir". Bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. QAT sədrinin sözlərinə görə, onlar nəyin bahasına olursa-olsun atəşkəs rejimini saxlamağa çalışırlar: "Kifayət qədər də buna nail olurlar. Beynəlxalq təşkilatların, böyük dövlətlərin regiona gələn nümayəndələri bir yerdə bu məsələni qabardırlar ki, cəbhə xəttində sabitlik, sakitlik olsun və hansısa insidentlər baş verməsin. Haradasa ermənilər bununla öz məqsədlərinə nail olurlar. Ona görə də Azərbaycan bu məsələdən özü üçün nəticə çıxarmalıdır. Bildiyiniz kimi son dövrdə Ermənistan rəhbərliyi belə bir məsələni ortaya atır ki, cəbhə bölgəsində Azərbaycan və Ermənistan arasında "qaynar xətt" yaransın. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da elan etdi ki, təklif rəsmi Moskvadan gəlib. Təbii ki, bu da birmənalı şəkildə status kvo-nun saxlanmasına xidmət edir". A.Nağı əlavə edib ki, istər Ermənistan, istərsə də onun havadarları hər vəchlə çalışırlar ki, vəziyyət dəyişməsin: "Beləcə diqqət işğal faktından uzaqlaşdırılsın. Rəsmi Bakı birmənalı şəkildə beynəlxalq təşkilatlar qarşısında məsələ qoymalıdır ki, bu cür xırda məsələlərə əgər diqqət yönələcəksə Azərbaycan bu masa ətrafındakı danışıqlardan imtina edir".