“Fransanın Minsk qrupundakı həmsədrini dəyişməsinin əlamətləri aydındır” Siyasət

“Fransanın Minsk qrupundakı həmsədrini dəyişməsinin əlamətləri aydındır”

Mübariz Əhmədoğlu: "Yeni fransalı həmsədr Stefan Viskonti MDB və Rusiyanı yaxşı bilən mütəxəssisdir"

Mehmet Fatih Öztarsu: "Fransanın həmsədrini dəyişməsi bu qurumun fəaliyyətinə hər hansı yenilik gətirməyəcək"


"Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrini dəyişməsinin əlamətləri aydındır. Yeni fransalı həmsədr Stefan Viskonti MDB və Rusiyanı yaxşı bilən mütəxəssisdir". Bu fikri politoloq Mübariz Əhmədoğlu Minsk qrupunun tərkibində edilən dəyişikliklərdən danışarkən deyib. O qeyd edib ki, Viskonti həm də Aİ-nin Qara dəniz və Xəzər dənizi regionu üzrə nümayəndəsidir: "Aİ regionda gedən prosesləri kompleks şəkildə qəbul edir. Bu müsbət haldır. Aİ və Fransa Viskontini aktiv olmağa məcbur edəcək. Ondan əvvəlki həmsədr Pyer Andryu çox passiv diplomat idi. Lakin Andryudan əvvəlki həmsədr Bernar Fasye ermənilərə kifayət qədər acı həqiqətləri demişdi". Politoloq qeyd edib ki, amerikalı həmsədr Ceyms Uorlik hədsiz dərəcədə provokator idi. O ermənipərsətliyini gizlətmirdi. M. Əhmədoğlu bildirib ki, Uorlikin həmsədr kimi işindən azad ediləndən sonra çalışacağı şirkət də bunu göstərir: "Onun "işğal edilmiş ərazilər" termini bizim başımızı aldatmaq üçün idi. Uorlik işğal edilmiş ərazilər terminini Dağlıq Qarabağın statusu məsələsinə bağlayırdı. ABŞ-da gördülər ki, Uorlik öz dövlətinin milli maraqlarına xəyanət etdi".
Politoloq qeyd edib ki, Uorlik Qafqaz regionu üzrə çox yaxşı ekspert olan Metyu Brayzadan deyil, ermənilərin pullu təbliğatçısı olan Vladimir Kazimirovdan məsləhət alırdı: "Hesab edirəm ki, ABŞ indiki dövrdə necə həmsədr təyin etməli olduğunu bilir. Güman edirəm ki, ABŞ-ın yeni həmsədri ortayaşlı, dövlətinin milli maraqlarına söykənən bir diplomat olacaq, aktivlik nümayiş etdirəcək. ABŞ-la Fransanın aktivləşməsi əlaqəli olacaq. Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində aktivlik nümayiş etdirəcək".
Politoloq əlavə edib ki, rusiyalı həmsədr İqor Popov uzun müddətdir ki, Minsk qrupundadır: "Bizim üçün vacib məsələdir ki, Rusiya Uorlikin dəyişdirilməsinə necə reaksiya verəcək? Çünki Uorlik yeganə diplomatdır ki, Rusiya XİN rəhbəri Sergey Lavrovla, Kazimirovla sıx əlaqədə idi. Rusiya bəlkə də Popovu ona görə saxlamışdı ki, əsas işləri Uorlik vasitəsilə reallaşdırırdı".
M. Əhmədoğlunun fikrincə, həmsədrlərin fəaliyyətindəki aktivləşmə gələn il özünü göstərəcək: "Ali baş komandanın göstərişi ilə Azərbaycan ordusu münaqişənin o vaxta qədər davam etməsinə imkan verməyəcək. Azərbaycan ordusu Ermənistanın təxribatlarına cavab verərək Qarabağı azad edəcək".
Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu isə deyib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində faydasız bir quruma çevrilib.
Onun sözlərinə görə, Minsk qrupu yalnız münaqişə ilə bağlı müzakirələrin aparılması və tərəfləri bir araya gətirməkdən başqa heç bir fəaliyyəti olmayan bir təsisatdır: "Hərçənd, münaqişə tərəflərinin Minsk qrupunun vasitəçiliyi ilə bir araya gətirilməsinə ehtiyac da qalmayıb. Bu işi həm Rusiya, həm də müxtəlif beynəlxalq təşkilatlar müvəffəqiyyətlə həyata keçirirlər. ABŞ və Fransanın Minsk qrupundakı fəaliyyəti isə qanedici deyil". Ekspert hesab edir ki, Fransanın və ABŞ-ın Minsk qrupundakı həmsədrini dəyişməsi bu qurumun fəaliyyətinə hər hansı yenilik gətirməyəcək: "Çünki Vaşinqton və Parisin Qarabağ münaqişəsinə marağı getdikcə azalmaqdadır. Ona görə də həmsədrlərin dəyişməsi ilə hər hansı yeniliyin baş verəcəyini gözləmirəm. Yaxın gələcəkdə Minsk qrupunun ləğvi daha uyğun olardı".

Əli