“Qanuna hərbçilərlə bağlı çox ədalətsiz müddəa daxil edilib” Siyasət

“Qanuna hərbçilərlə bağlı çox ədalətsiz müddəa daxil edilib”

Qüdrət Həsənquliyev: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi çalışır ki, az adam pensiya, ünvanlı sosial yardım alsın, pensiyaların məbləği azalsın”

“Hörmətli sədr, həmkarlar və media nümayəndələri! İstəyirəm öncə sizi və xalqımızı qarşıdan gələn Dövlət Müstəqilliyi Günü münaasibəti ilə təbrik edim, Rəsulzadə və onun tərəfdarlarını böyük ehtiram və hörmətlə anım. Onlar ilk dəfə olaraq Şərqdə, islam dünyasında respublika qurdular və çətin tarixi şəraitdə Azərbaycan dövlətini Şimali Azərbaycan ərazisində formalaşdırdılar”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili daha sonra birinci oxunuşda müzakirə olunan “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə fikirlərini bölüşüb: “Müzakirə olunan məsələ ilə bağlı onu qeyd eləmək istəyirəm ki, bizə təqdim olunmuş arayışda qeyd olunur ki, “mövcud qanunvericilikdə bir səlahiyyət dövrünə görə, qulluq əlavəsi almaq hüququ olan şəxslər də sonradan əlavə edilən əlavə və pensiya təyinatında nəzərə alınır”. Bu yanaşma şəxsin vaxtilə işləyərkən almadığı məvacibə görə, haqsız pensiya əldə etməsinə səbəb olmaqla pensiya sığorta sisteminin fəlsəfəsi ilə ziddiyyət təşkil edir. Bəs görək hüququn fəlsəfəsi nə deyir? Hüquq fəlsəfəsi deyir ki, o hüququn mahiyyətini öyrənir və qanunla bağlı bu suallara aydınlıq gətirir. Qanunun məqsədi nədir, hansı əxlaqi və siyasi nəzəriyyələr onun əsasını təşkil edir və s. bu kimi suallara cavab verir. Hüquq fəlsəfəsinə görə, qanunlar ən yaxşı nəticələr əldə edilməsi üçün hazırlanmalı, ictimai əxlaqla pislənməməli, ədalətli olmalı və başqalarının hüquqularını müdafiə etmək xarakteri daşımalıdır. Təbii ki, əxlaqi hüquq nəzəriyyəsinə görə, ədalətsiz qanun həqiqi qanun deyil. Hüquq düşüncəsi də qeyd edir ki, cəmiyyətin hüquqa dair emosiya və təsəvvürləri mütləq normayaratma fəaliyyətində nəzərə alınmalıdır. Azərbaycan Respublikasında Konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan dövləti dövlət hakimiyyətlərinin bölünməsi prinsipi əsasında fəaliyyət göstərir. Konstitusiyanın 149-cu maddəsində qeyd olunur ki, normativ hüquqi aktlar hüquqa, haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır. “Normativ Hüquqi Aktlar haqqında” Konstitusiya qanununun 8-ci maddəsində qeyd olunur ki, normayaratma fəaliyyətinin əsas prinsiplərindən biri mütənasiblik prinsipidir. Konstitusiyanın 71-ci maddəsində onun izahı verilir ki, mütənasiblik nədir. Yəni hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən göstərilən nəticəyə mütənasib olmalıdır. Bizim dövlətimizin məqsədi nədir? Konstitusiyanın 12-ci maddəsində qeyd ounur ki, dövlətin ali məqsədi vətəndaşların layiqli həyat səviyyəsinin təmin etməkdir. Belə olduğu halda sual olunur: Bizim yeni yaradacağımız norma dövlətin ali məqsədinə cavab verir ya yox?”.

Millət vəkili əlavə edib ki, biz, burada hüquqları məhdudlaşdırırıq: “Qeyd elədiyim kimi, Azərbaycanda dövlət hakimiyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Mən demirəm ki, prezidentlə - prezident həm dövlətin başçısıdır, amma icra hakmiyiyyətinin də başçısıdır - eyni təminat olsun. Onun məsuliyyəti daha yüksəkdir. Amma Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında qanunda qeyd olunur ki, keçmiş prezident fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır. Yəni fəaliyyətdə olan prezidentin maaşı artsa onun da pensiyası artacaq. Bundan başqa o, vəzifəsini tərk etdiyi andan pensiya yaşına çatmasa belə pensiya alacaq və aylıq vəzifə maaşının 20 faizi məbləğində - əlavə təmsilçilik xərcləri ödənilir, sürücü verilir, təhlükəsizliyi təmin olunur və s. Mən, bunu ona görə demək istəyirəm ki, vaxtilə bizdə də eyni prinsiplər idi. Hakimlər və deputatlar da fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi məbləğində pensiya alırdılar. Bu çox ədalətli idi. Həm də hakimiyyətin bütün qanadlarında pensiyanın təmin olunmasına eyni yanaşma mövcud idi. Amma tutaq ki, gələcəkdə Azərbaycanda dövlətimizin imkanları artdı, dövlətimiz zənginləşdi və hesab elədilər ki, deputata daha çox maaş verilməlidir. Belə çıxır ki, bu halda digər millət vəkilləri artıq öz pensiyalarında bunu hiss eləməyəcəklər. Yaxud manat dəyər itirdi və yenə də əməkhaqları artırıldı. Onda yenə deputatların pensiyası qalxmayacaq. Burada ən böyük təhlükəli məqamlardan biri ondan ibarətdir ki, qanun layihəsinə həm də hərbçilərlə bağlı çox ədalətsiz müddəa daxil edilib. Deməli, hərbçilər 25 il hərbi xidmət keçdikdə, yaxud 30 il iş stajına malik odluqda, onun 15 ilini hərbçi kimi xidmət elədikdə onlar pensiya çıxırdılar, yəni ehtiyata buraxılırdılar. Sonradan dövlətin ehtiyacı yaranırdısa və onlar işləyirdilərsə həm pensiya alırdılar, həm də dövlət onlara gördüyü işə görə əməkhaqqı verirdi. Amma indi deyirik ki, “onlar ehtiyata buraxıldığı andan” - yəni o işini davam etdirirsə deməli pensiya almaq hüququndan onu məhrum edirik. Bu nə dərəcədə doğrudur? İnsan 25 il xidmət edib, pensiya fonduna pul ödəyib və öz pulunu geri alıb. Dövlət ona o pulu vermir ki... Sığorta fonduna özü həmin vəsaiti ödəyib. Bu səbəbdən, onları bundan məhrum etmək, hesab edirəm ki, düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi çalışır ki, az adam pensiya, ünvanlı sosial yardım alsın, pensiyaların məbləği azalsın”.

Əli