“İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” Siyasət

“İnsan potensialının inkişafı üçün yeni paradiqmalar”

II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində müzakirə keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində "İnsan potensialının inkişafı üçün yeni paradiqmalar" mövzusunda müzakirə keçirilib.
APA-nın məlumatına görə, toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyası tərəfindən təşkil olunub.
Tədbirdə bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, yeni təkamül modellərinin yaranması, bəşəriyyətin qarşılaşdığı mürəkkəb məsələlərin həlli yolları, iqlim dəyişikliklərinin həyata təsiri müzakirə edilib. Çıxış edən Dünya Elm və İncəsənət Akademiyasının fəxri prezidenti İvo Şlaus müzakirə edilən mövzunun insanlıq üçün vacib məsələlərə həsr olunduğunu deyib. Onun sözlərinə görə, paradiqmaların dəyişikliyi məsələsi bəşəriyyətin bundan sonra hansı istiqamətdə irəliləyəcəyini üzə çıxarmaq üçün vacibdir.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirib ki, müasir dövrün ən böyük dəyişikliyi internet texnologiyalarının meydana çıxmasıdır. Hazırda sürətlə yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır, sərhədləri yox edir. Eyni zamanda insanların həyatında, yaşam tərzində də dəyişikliklər yaranır. Müasir texnologiyalar yeniliklər təqdim etsə də, bəşəriyyətdə hələ də böyük problemlər mövcud olaraq qalır.
Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa dəyişikliklər paradiqmasından danışarkən qeyd edib ki, bəşəriyyətin inkişafında həm sıçrayışlar, həm də təkamül yolu ilə baş verən inkişaf modelləri mövcud olub. Hazırda yeni paradiqmaların yaranmasında müəyyən ləngimələr mövcud olduğunu deyən sabiq prezident vurğulayıb ki, elmin imkanları məhdud deyil və yeni paradiqmalar meydana çıxdıqda onun hüdudlarının nə qədər geniş olduğunu görmüş olarıq: "İnsan ləyaqəti də paradiqmalardan biridir, lakin bu, hamı tərəfindən eyni şəkildə qəbul olunur".
Dünya Elm və İncəsənət Akademiyasının nümayəndəsi Harri Yakobsun fikrincə, hazırda paradiqmaların dəyişikliyi baş verir. O deyib ki, insan müasir dünyada iqlim dəyişiklikləri, iqtisadi problemlər, işsizlik kimi məsələlərlə qarşılaşır.
Sonra sessiyalarda Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pinto, Dünya Elm və İncəsənət Akademiyasının prezidenti Heytor Qurqulino de Souza, Roma Klubunun rəhbərlərindən biri Ernst von Vayzsaker və başqaları çıxış ediblər.