Bizim üçün əsas şərt Qarabağdır Siyasət

Bizim üçün əsas şərt Qarabağdır

Elçin Mirzəbəyli: "Kimsə 526 meqabaytlıq və virus düşmüş beyni ilə göz önündə olan reallıqları qafasına sığışdıra bilmirsə, bu artıq bizim problemimiz deyil"

"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə verdiyi müsahibəsində yer alan fikirlərə bəzi şəxslərin tələsik, düşünülməmiş və aqressiv reaksiyası təəssüf doğurur".
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli deyib.
BAXCP sədrinin müavini qeyd edib ki, peşəkar siyasətçi kontekstdən çıxarılmış istiqamətləndirici suallara kokret tərəfin maraqlarına uyğun cavab verməklə kifayətlənməməli, məsələnin mahiyyəti üzrə danışmalıdır: "Qüdrət Həsənquliyev öz müsahibəsində postsovet məkanında və bütövlükdə dünyada yaranmış real vəziyyəti təhlil edərək dəyərləndirib, ölkəmiz üçün yarana biləcək təhlükələrdən mümkün çıxış yollarını göstərib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası üçün Azərbaycanın ərazi bütövlüyü hər zaman prioritet məsələ olub və bundan sonra da bu mövqe dəyişilməyəcək. Bizim üçün əsas şərt Qarabağdır!
Azərbaycan torpaqları Rusiyanın hərbi-siyasi müttəfiqi olan Ermənistanın işğalı altındadır. Beynəlxalq birlik nə işğalçıya, nə də işğalın zəmanətçisi olan Rusiyaya qarşı nəinki sanksiya və güc tətbiq etmək, hətta tənqid söyləmək iqtidarında belə deyil. Aparıcı güclər və onların nüfuz müvəkkilləri Azərbaycan xalqını nəyin bahasına olursa olsun təslimçi sülhə sövq etmək istəyirlər. Gürcüstan və Ukrayna ərazilərinin ilhaqına qarşı kəskin reaksiya verən Qərb tarixi və hüquqi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını illərdir ki, sükutla izləyir, işğalçıya dolayısıyla və birbaşa dəstək verir. Hazırda Gürcüstanın 2, Ukraynanın isə 1 inzibati ərazi subyekti faktiki olaraq itirilib və ortalıqda yalnız cəsarətsiz bəyanatlar və ehtiyatlı, qorxaq sanksiyalar var. Belə bir zamanda siyasətlə məşğul olan istənilən şəxs reallıqları göz önünə almalı və ən kəskin ehtimallar barədə danışmağı bacarmalıdır. Əgər kimsə Qarabağın azad edilməsinin yolunu fəlsəfi traktatlarda, "ağ atlı" "qara oğlan"ın qorxaq siyasətində görürsə, buyursun öz ehtimallarını açıqlasın. BAXCP sədrinin müsahibəsində bütün ehtimallar yer alıb. Hətta müharibə ehtimalı da..."
Elçin Mirzəbəylinin qənaətinə görə, Azərbaycanda bəzi siyasətçilərin beynini bilgisayarın hard diski kimi format etmək və yaddaşını artırmaq lazımdır: "Kimsə 526 meqabaytlıq və virus düşmüş beyni ilə göz önündə olan reallıqları qafasına sığışdıra bilmirsə, bu artıq bizim problemimiz deyil Kimin neçənci kolonun təmsilçisi olduğunu və yaxud neçənci kolonda olacağını isə zaman göstərəcək".

XC