“Əslində danışıqları Serj Sarksyan özü iflic vəziyyətə salıb” Siyasət

“Əslində danışıqları Serj Sarksyan özü iflic vəziyyətə salıb”

Tofiq Abbasov: "O çalıçacaq ki, Fransanın dəstəyini alsın"

Fransa və Ermənistan prezidentləri Fransua Olland və Serj Sarkisyan Parisdə baş tutan görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə ediblər.
Görüş zamanı tərəflər beynəlxalq aləmdəki vəziyyət və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər.
"Biz siyasi məsələlərə toxunmuşuq. Belə ki, Fransa Qarabağda münaqişənin nizama salınmasında faydalı ola bilər. Fransa ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədri rolunda çıxış edir. Biz lazimi siyasi qərarların əldə olunmasını və son aylarda, həfətlərdə baş verən ağır insidentlərdən qaçınmaq istəyirik" - deyə Fransua Olland bildirib.
Öz növbəsində Ermənistan prezidenti Serj Sarkisyan ikitərəfli əməkdaşlıq, beynəlxalq vəziyyət və əsasəndə regiondakı problemlər də daxil olmaqla, bir çox məsələlərdə oxşar yanaşmanın olduğunu qeyd edib: "Dinc və təhlükəsiz gələcək qurmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərimizi davam etdirməliyik". Olland bildirib ki, hazırda Dağlıq Qarabağdakı status-kvo qədər pis heç nə yoxdur: "Tərəflər artıq 23 ildir heç bir nəticəsi olmayan danışıqlar aparır".
Politoloq Tofiq Abbasov deyib ki, Serj Sarksyan Fransa meydanını Azərbaycanı qara boyalarla təsvir etmək üçün istifadə edəcək. O əlavə edib ki, Sarksyanın uydurmasına görə Ermənistanda bütün çətin vəziyyət Azərbaycanın təhdidləri ilə bağlıdır: "Bu onun uydurmasıdır. Əslində isə danışıqları Serj Sarksyan özü iflic vəziyyətə salıb. Onun marağında olan danışıqların iflasa uğramasıdır. Bununla da Azərbaycana torpaqların qayıdışı gündəlikdən çıxsın. Əlbəttə Fransa həmsədr dövlətdir. Serj Sarksiyan çalıçacaq ki, Fransanın dəstəyini alsın. Guya Azərbaycan tərəfi işğala meyl edən dövlətdir. Halbuki, zamanında Azərbaycan torpaqlarının işğalında onun da əli olub".
Tofiq Abbasov vurğulayıb ki, Azərbaycan gücünü toplamağa davam etməlidir: "Çünki o müsahibəsində Azərbaycandan hücum gözlədiyini bildirib. Azərbaycan tərəfi də bunu gizlətmir. Çünki hücuma alternativ yalnız danışıqlar prosesidir. Ermənistan Azərbaycanın hücumundan qorxursa, danışıqlar masasına geri qayıtmalıdır. Əgər bu olmursa, Azərbaycan torpaqlarını güc yolu ilə alacaq. Bu da Azərbaycanın suveren haqqıdır. Bunu heç vaxt qadağan edə bilməzlər. Çünki, beynəlxalq qanunlar belə tələb edir. İstənilən yolla ədaləti bərpa etməliyik. Serj Sarksyan Parisdə olarkən çalışacaq ki, siyasi dəstək alsın. Ola bilsin hərbi dəstək də istəsin. O hətta Rusiyanın ünvanına təhqiramiz ifadələr işlədib. Serj Sarksyan bildirib ki, guya Rusiya Azərbaycanı silahlandırır. Azərbaycan müstəqil dövlətdir. İstənilən ölkədən silah ala bilər. Ermənistanın gözündə Rusiya günahkardırsa, bu onların öz problemidir. Azərbaycan öz haqqını almaq üçün lazımı tədbirlərini görür".