"Bəzən problemlərin həllinə çevik yanaşmanı görmürük" - Qüdrət Həsənquliyev Siyasət

"Bəzən problemlərin həllinə çevik yanaşmanı görmürük" - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Qaradağ rayonunda 12 saylı həbsxananın dam örtüyünün uçması səbəbindən bir nəfər məhbus həyatını itirib. Siz zamanında Milli Məclisdə həbsxanaların şəhərin mərkəzindən köçürülməsi və onların yenilənməsi məsələsini qaldırmışdınız. Niyə bu istiqamətdə qərarlar qəbul olunmur?

- Ona görə qərarlar qəbul olunmur ki, təşəbbüskarlıq yetərincə deyil. Mən Milli Məclisdə məsələ qaldırmışdım ki, şəhərin mərkəzindəki həbsxanaların binaları köhnəlib, istismar müdədəti başa çatıb və müasir tələblərə cavab vermir. Qeyd etmişdim ki, həbsxanaların ərazisi mənzil tikintisi ilə məşğul olan şirkətlərə verilsə, onlar böyük məmnuniyyətlə öz hesablarına şəhərin kənarında beynəlxalq standartlara cavab verən həbsxanalar tikərlər və bu işə dövlət büdcəsindən bir manat da xərclənməz. Çox təəssüf ki, bəzən biz problemlərin həllinə düzgün və çevik yanaşmanı görmürük.

- Siz ədliyyə sistemində islahatların aparılması təşəbbüsü ilə də tez-tez çıxış edirsiniz, amma biz köklü islahatları görmürük. Niyə?

- İslahatları ya iqtidar cəmiyyətin sürətli inkişafı naminə könüllü olaraq özü aparır, ya da xalq müəyən inkişaf səviyyəsinə çatıb iqtidardan islahatlar tələb etməlidir. Bunların heç biri olmadığından islahatlar da yoxdur. Bəlkə də səhv edirəm, amma mən düşünürəm ki, iqtidar islahatların nəticələrinin uğulu olacağına inanmır. Yoxsa, cəmiyyətin sürətli inkişafını niyə istəməsin ki? Onlar da bizlərdən biri, bu xalqın övladlarıdır.