“Bu mövqeni Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirirəm” Siyasət

“Bu mövqeni Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirirəm”

"Bir sıra dövlətlərin və beynəlxalq təşkilatların "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı verdikləri bəyanatları və sərgilədikləri mövqeyi Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirirəm" Bunu açıqlamasında deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə görə, Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilib və istintaq araşdırması gedir. "Mehman Əliyevin həbs səbəbləri ilə bağlı hazırda istintaq araşdırması gedir və istintaq yekunlaşmadan, məhkəmə qərarı olmadan, onun həbsinə hər hansı don geyindirib, bəzi dövlət və beynəlxalq təşkilatların Azərbaycana qarşı ədalətsiz mövqeyini anlamaq olmur. Mən bunu anlaya bilmirəm və bunu Azərbaycanın daxili işinə müdaxilə kimi dəyərləndirirəm. Ona görə ki, Mehman Əliyev istintaqın yekununa görə günahsız ola bilər. İş heç məhkəməyə getmədən iş bağlana bilər və yaxud məhkəmənin qərarı ilə azad ola bilər. İndidən fikir söyləmək həm də istintaqa təsir etmək deməkdir"- deyə, deputat vurğulayıb.
E.Məmmədov onu da əlavə edib ki, ancaq məhkəmənin qərarından sonra hansısa mövqe bildirmək olar və o zaman istintaqın və məhkəmə istintaqının gedişinin ədalətli və ya ədalətsiz olması barədə fikir yürütmək olar: "O zaman demək olar ki, qanun pozulub ya yox. İndidən isə bu düzgün yanaşma deyil. Çünki Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir və Azərbaycan da hər hansı ölkənin onun daxili işinə müdaxiləsini məqbul saymır".
Xocalı soyqımını yaşayan və bir məcburi köçkün kimi beynəlxalq təşkilatlara müraciət edən deputat deyib ki, 25 ildən artıq müddətdə öz ata yurdlarından didərgin düşən bir milyonadək məcburi köçkün və qaçqının hüquqları kobud surətdə pozulduğu halda niyə bu ölkələr və beynəlxalq təşkilatlar, onların hüquqlarının pozulması ilə bağlı səslərinizi çıxarmırlar?!. "Niyə bu təşkilatlar Ermənistanın vandal hərəkətlərini pisləyib, ona qarşı sanksiyalar tətbiq etmirlər. Hüquqları pozulan bir milyon insanın hüquqlarının müdafiə üçün canfəşanlıq etmirlər?! Ancaq özlərinin maraq dairəsinə uyğun olaraq hansısa bir fərdin həbsi zamanı Azərbaycanı qınayan bəyanatlarla çıxış edir və daxili işlərinə müdaxilə edirlər. Bax, beynəlxalq təşkilatların və ölkələrin bu münasibəti və yanaşması bir məcburi köçkün və depuat kimi məndə çox təəccüb doğurur"- deyə, o, bildirib.