

”Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra bölgə sülhə bir addım da yaxınlaşıb: “Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərin icrası prosesin davamı üçün əsas şərtdir. Ermənistan ilkin olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması məsələsinə müsbət reaksiya verib və bu istiqamətdə praktiki addımlar atılıb”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, ilin sonuna qədər Minsk qrupunun tamamilə ləğv olunacağı gözlənilir: “Azərbaycanın tələblərindən biri də Ermənistanın ərazi iddialarından imtina etməsidir. Bunun üçün isə referendum keçirilməli, konstitusiyada dəyişikliklər edilməlidir. Ancaq 2026-cı il parlament seçkilərinə görə Paşinyan hökuməti indidən bu addımı atmaqdan çəkinir. Böyük ehtimalla bu məsələ seçkilərdən sonra həllini tapacaq”.
Deputat vurğulayıb ki, Vaşinqton razılaşmalarında Zəngəzur dəhlizi ilə bağlı da mühüm nəticələr əldə olunub: “Dəhlizin işləməsi bir Amerika şirkətinə həvalə olunub. Əsas şərt isə Azərbaycanın Şərqi Zəngəzurdan, Zəngilan ərazisindən Naxçıvana maneəsiz dəmir yolu və avtomobil yolu ilə çıxışının təmin edilməsidir. Bu da sənəd üzərində artıq razılaşdırılıb”.
Onun sözlərinə görə, razılaşmaların məhz Vaşinqtonda əldə olunması prosesin geri dönüşünün olmadığını göstərir: “Paşinyanın seçkilərdə qalib gəlməməsi belə bu prosesi dayandıra bilməz. Ermənistanın alternativ yolu yoxdur. Hakimiyyətdə kim olur-olsun, götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər və sülh müqaviləsinin imzalanması mütləq reallaşmalıdır”.
Günel Elxan