Şavkat Mirziyoyev: Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir Siyasət

Şavkat Mirziyoyev: Özbəkistanla Azərbaycan arasındakı qardaşlıq bağları xalqlarımızın tərəqqisinə xidmət etməkdədir

Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir.

APA xəbər verir ki, bu fikir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

Şavkat Mirziyoyev qeyd edib ki, xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər.

Özbəkistan Prezidenti əminliyini ifadə edib ki, iki ölkə arasındakı qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq bütün prioritet istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika, energetika, sənaye, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bundan sonra da sürətlə inkişaf edəcək.