“Bu il Azərbaycanla Aİ arasında sazişin imzalanması mümkün olmayacaq” Siyasət

“Bu il Azərbaycanla Aİ arasında sazişin imzalanması mümkün olmayacaq”

"Brüsseldə bu ayın axırı Azərbaycanla Avropa İttifaqıarasında sazişə dair müzakirələr olacaq. Müzakirələrdə ticarət-investisiya siyasəti və təhlükəsizlik sahəsi istisna olmaqla, müxtəlif məsələlər müzakirə ediləcək. Brüsseldə yeni tərəfdaşlıq prioritetləri ətrafında da fikir mübadiləsi aparılacaq".
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, bu, yeni addımdır.
"Artıq biz birinci növbədə öz təkliflərimizi vermişik. Avropa İttifaqı da baxıb öz təkliflərini verib. Biz bunun əsasında da təkliflər hazırlayıb təqdim etmişik. Sentyabrın 29-da bu sənədin müzakirəsi aparılacaq", - deyə nazir müavini qeyd edib.
"Hazırda Avropa İttifaqı ilə yeni saziş üzrə sənədin hansı mərhələdə olduğunu demək çox çətindir"-deyən
Mahmud Məmmədquliyev bildirib ki, sənədin ilk növbədə keyfiyyəti çox vacibdir: "Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Onları uzlaşdırmaq lazımdır. Bu bir hüquqi sənəddir. Gec olsun, amma keyfiyyətli olsun. Sənəd çərçivəsində siyasi məsələlər də müzakirə olunur. Sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı öz əksini tapıb. Bu ilin sonuna kimi bu saziş imzalana bilməyəcək. Bu yalnız o halda baş verə bilər ki, biz onların dediyi hər şeyi qəbul edək. Amma bu düzgün olmaz".
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində danışıqlarda elə bir ciddi irəliləyiş yoxdur"-deyə bildirən XİN rəsmisinin sözlərinə görə, iyulun axırında Cenevrədə keçirilən görüşlərdə çox ciddi müzakirələr aparılıb: "Qarşı tərəf narahatdır ki, Azərbaycan 20 ildir danışıqlar aparır, amma nəticələr yüksək deyil. Biz görüşdə razılaşdıq ki, nə zaman hazır olsaq və ya onların hansısa təkliflərini qəbul etsək, onda yeni bir görüş keçirə bilərik".
Mahmud Məmmədquliyev vurğulayıb ki, "Azərbaycan "Şərq Tərəfdaşlığı" sammitinə hazırlaşır".
Nazir müavini noyabrda Brüsseldə keçiriləcək sammitdə son 2 ildə hansı işlərin görüldüyünün müzakirə ediləcəyini bildirib: "Bizim də deməyə sözümüz olacaq. Çünki bir neçə ildə yaxşı nailiyyətlər əldə etmişik. İlk növbədə çalışacağıq ki, bu sammit çərçivəsində Riqa sammiti təkrar olunmasın. Həmin sammitdə 3 münaqişə ilə bağlı bir, Ermənistan-Azərbaycan münaqişəsinə dair başqa mövqe var idi. Avropa İttifaqının hazırda yeni qlobal strategiyası var, orada aydın göstərilir ki, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi dəstəklənməlidir".
M. Məmmədquliyev qeyd edib ki, sammit çərçivəsində aviasiya sahəsində sazişin imzalanması mümkündür: "Ola bilsin ki, müvafiq qurumumuz olan aviasiya administrasiyası Avropa İttifaqı ilə sazişi bitirə bilsin. Amma vaxt azdır. Bu istiqamətdə oktyabrın sonunda görüş olmalıdır. Ondan sonra biləcəyik ki, bu sənədi sammitdə imzalaya biləcəyik, ya yox".