

Gürcüstanda Ukraynadan ölkəyə gətirilən heksogen partlayıcı maddəsi ilə bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.
Məlumata əsasən, iş üzrə ittiham olunan Denis Juravlyovun Tbilisinin Qldani rayonunda kirayələdiyi daha bir gizli mənzil müəyyən edilib və axtarış aparılıb.
Nəticədə müxtəlif ölçülü kompüter mikrosxemləri, sənədlər və pul vəsaitləri aşkarlanıb.
DTX müsadirə olunan əşyaların konkret təyinatını öyrənir.
Xatırladaq ki, sentyabrın 11-də Gürcüstana qaçaqmalçılıq yolu ilə 2,4 kiloqram heksogeni keçirməyə cəhd edən iki nəfər Ukrayna vətəndaşı saxlanılıb. DTX-nin məlumatına əsasən, maddə yük maşınının sürücüsünə Ukraynanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən verilib və onun son təyinat nöqtəsi Tbilisi olub.