13:16
441
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Xidməti, Amerika Birləşmiş Ştatlarının Bakıdakı Səfirliyi tərəfindən tranzit marşrutu üzərində aşkarlanmış narkotik vasitələrin müəyyənləşdirilməsində bağışladığı xüsusi avadanlıqların həlledici rol oynadığını iddia edən açıqlamasına cavab olaraq aşağıdakıları bəyan edir:
Narkotik qaçaqmalçılığı ilə mübarizə mahiyyətcə kollektiv, davamlı və çoxşaxəli bir öhdəlikdir. Müəyyən texniki vasitələrin qabardılması ilə aparılan hər hansı birtərəfli təbliğat kampaniyası sahədə mövcud olan gerçəkləri dəyişdirə və ya onların üzərini örtə bilməz. Bu xüsusda, ABŞ-ın Əfqanıstanda narkotik istehsalının və qaçaqmalçılığının görünməmiş şəkildə artmasında oynadığı rola diqqət yetirmək vacibdir.
Beynəlxalq qurumların rəsmi sənədləri aydın şəkildə göstərir ki, ABŞ və müttəfiqlərinin iyirmi ildən artıq davam edən Əfqanıstan işğalı dövründə narkotik əkinlərinin həcmi və qaçaqmalçılığın miqyası dəfələrlə artmış, bunun dağıdıcı nəticələri bu gün də İran İslam Respublikası və Azərbaycan Respublikası da daxil olmaqla, region ölkələrinə ağır təsir göstərməkdədir.
İran İslam Respublikası son onilliklər ərzində beynəlxalq narkotik qaçaqmalçılığı ilə mübarizənin ön cəbhəsində dayanmış, bu bəşəri fəlakətin qarşısının alınması naminə ən böyük insan itkilərini və maliyyə yükünü öz üzərinə götürmüşdür. Qərəzli və qeyri-qanuni sanksiyalar nəticəsində texniki təchizat sahəsində tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, İranın Avropaya və digər regionlara yönəlmiş narkotik axınının qarşısının alınmasında oynadığı mühüm rol beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə təsdiqlənmiş və yüksək qiymətləndirilmişdir.
İran İslam Respublikasının Səfirliyi bildirir ki, Azərbaycan Respublikası da daxil olmaqla, bütün qonşu ölkələrlə bu transmilli cinayətə qarşı birgə səylər bundan sonra da qətiyyətlə və ardıcıllıqla davam etdiriləcəkdir. Bu kontekstdə, İran İslam Respublikası Narkotiklərlə Mübarizə Polis İdarəsinin rəisinin 1404-cü ilin Azər ayının 4-də (25 noyabr 2025-ci il) Azərbaycan Respublikasına səfəri, aparılan məzmunlu danışıqlar və əldə olunmuş razılaşmalar iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm bir mərhələ kimi qiymətləndirilir.
Cavid
13:17
490
12:58
553
12:51
1 155