Trampın Mar-a-Laqo iqamətgahında HHM sistemləri yerləşdirilib Dünya

Trampın Mar-a-Laqo iqamətgahında HHM sistemləri yerləşdirilib

ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo mülkünün hava hücumundan müdafiəsini gücləndirib. Bundan əvvəl analoji komplekslər onun Nyu-Cersidəki qolf-klubunun yaxınlığında da müşahidə olunmuşdu.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

ABŞ Məxfi Xidməti prezidentin şəxsi iqamətgahının mühafizəsini gücləndirmək barədə göstəriş verib.

Fotolarda Palm-Biçdəki mülkün yaxınlığındakı göldə, üzən platforma üzərində "Stinger" raketləri ilə təchiz olunmuş iki "Avenger" zenit-raket kompleksi görünür.

Ən azı iki kompleks iqamətgahın yanındakı kanalda yerləşən barjada quraşdırılıb. Aşağı hündürlükdə uçan təyyarələri və digər hava hədəflərini vurmaq qabiliyyətinə malik bu sistemlər "Humvee" hərbi avtomobillərinin şassisi üzərində yerləşdirilib.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Şimal Komandanlığı (NORTHCOM) keçən həftə sistemlərin yerləşdirildiyini təsdiqləyib. Pentaqon əməliyyatın dəyərini açıqlamayıb və konkret təhlükənin adını çəkməyib. Hərbçilərin nümayəndəsi KİV-ə bildirib ki, ABŞ Məxfi Xidmətinin sorğusuna əsasən NORAD və USNORTHCOM Mar-a-Laqoda və mülkün ətrafında yerüstü HHM vasitələri və pilotsuz uçuş aparatları ilə mübarizə sistemləri yerləşdirib.

Hərbçilər və administrasiya rəsmiləri təhlükəsizliyin gücləndirilməsinin təfərrüatlarını şərh etməkdən imtina ediblər. Prezidentin Xellouin istirahət günlərində iqamətgaha qayıdacağı gözlənilir.

Məryəm Quliyeva