Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29

Azərbaycan-Çin əlaqələri müxtəlif istiqamətlər üzrə inkişaf edir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun “CSCEC International” şirkətinin İdarə Heyətinin sədri Qao Bo ilə görüşünü də əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirmək olar. Bildirilir ki, görüş zamanı Azərbaycan-Çin Sənaye Parkının yaradılması və bu istiqamətdə şirkətlə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Millət vəkilləri, iqtisadçılar Azərbaycan-Çin Sənaye Parkının yaradılmasının ölkə iqtisadiyyatına töhfələri haqqında “Xalq Cəbhəsi”nə danışıblar.
Strateji münasibətlər
Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, Azərbaycanla Çin arasındakı strateji münasibətlərin dərinləşməsi müşahidə olunur: “Artıq Çin Azərbaycanın idxalda ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda, ticarət dövriyyəsində əsas tərəfdaşlardan biridir. Bu baxımdan strateji münasibətlər, eyni zamanda, iki ölkə arasındakı ticarət iqtisadi əlaqələrə də birbaşa təsir göstərib. Azərbaycan-Çin Sənaye Parkının yaradılması həm Çin investisiyasının, həm də texnologiyasının cəlb edilməsi baxımından vacibdir. Nəzərə alsaq ki, son dövrlər Çin texnoloji baxımdan kifayət qədər qlobal bazarda xüsusi paya malik olan ölkədir və hətta bir sıra istiqamətlərdə ABŞ ilə Çin arasında rəqabət də müşahidə olunur. Bu isə ondan xəbər verir ki, Çin texnologiyasına da tələb yüksəlməkdədir və bu kontekstdən Sənaye Parkının yaradılması birmənalı şəkildə yalnız Çin sərmayəsinin deyil, eyni zamanda, texnologiyasının cəlb edilməsinə imkan verəcək”.
Əsas hədəflər
“Bu da təbii ki birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından vacibdir. Çünki bu gün Azərbaycan iqtisadiyyatı üçün əsas hədəflərdən biri daha çox xarici investisiyanın cəlb edilməsidir. Cənab Prezident yeni dövrün hədəflərində məhz xarici investisiyanın cəlb edilməsini əsas hədəflərdən biri kimi qeyd edib. Bu kontekstdən bütün bunlar fonunda sözsüz ki, Sənaye Parkının yaradılması birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına yeni texnologiyanın cəlbi və bütövlükdə ümumi daxili məhsuldakı artım tempinə xüsusi bir töhfə olacaq” – deyə V.Bayramov əlavə edib.
İqtisadçı Asif İbrahimov söyləyib ki, Azərbaycan-Çin Sənaye Parkı ölkənin sənaye potensialının genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından yeni imkanlar yarada bilər: “Azərbaycan-Çin Sənaye Parkının yaradılması təşəbbüsü ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan layihələrdən biri ola bilər. Bu layihənin əsas iqtisadi əhəmiyyəti xarici investisiyaların cəlb edilməsi, müasir texnologiyaların ölkəyə gətirilməsi, yerli istehsalın genişləndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Çin hazırda dünyanın aparıcı sənaye və texnologiya mərkəzlərindən biridir. Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana qlobal istehsal zəncirlərinə qoşulmaq, yeni texnologiyaları mənimsəmək və yerli sənayenin rəqabət qabiliyyətini artırmaq imkanı yarada bilər. Xüsusilə də maşınqayırma, elektronika, elektrik avadanlıqları, tikinti materialları, kimya sənayesi, alternativ enerji texnologiyaları və enerji saxlama sistemləri üzrə birgə istehsal müəssisələrinin yaradılması perspektivləri mövcuddur”.
Azərbaycan regional istehsal və logistika mərkəzi rolunda
“Bu layihənin mühüm iqtisadi nəticələrindən biri idxaldan asılılığın azaldılması ola bilər. Azərbaycanla Çin arasında ticarət dövriyyəsində idxalın xüsusi çəkisinin yüksək olması yerli istehsalın genişləndirilməsi zərurətini ortaya qoyur. Çin investisiyalarının Azərbaycanda istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi müəyyən məhsullar üzrə idxalı əvəzləməyə, eyni zamanda ixrac imkanlarını artırmağa şərait yarada bilər. Digər mühüm istiqamət Azərbaycanın regional istehsal və logistika mərkəzinə çevrilməsi potensialıdır. Ölkəmizin coğrafi mövqeyi, Şərq-Qərb nəqliyyat dəhlizi və Orta Dəhliz üzərində yerləşməsi Çin şirkətləri üçün əlavə iqtisadi üstünlük yaradır. Azərbaycanda istehsal edilən məhsulların Mərkəzi Asiya, Türkiyə, Gürcüstan və digər regional bazarlara çıxarılması mümkündür. Bu halda ölkə yalnız tranzit və xammal ixracatçısı kimi deyil, həm də regional istehsal və ixrac platforması kimi çıxış edə bilər. Sənaye parkının məşğulluğa və insan kapitalına təsiri də xüsusi əhəmiyyət daşıyır. Yeni istehsal müəssisələrinin yaradılması mühəndis, texnoloq, proqramçı, logistika və digər ixtisaslı kadrlara tələbatı artıracaq. Eyni zamanda, yerli mütəxəssislərin Çin şirkətlərinin texnoloji təcrübəsindən faydalanması, peşə biliklərinin və istehsal bacarıqlarının inkişafı üçün imkanlar formalaşacaq” – deyə o bildirib.
Texnologiya transferi
İqtisadçının sözlərinə görə, burada xüsusi diqqət yetirilməli məsələ texnologiya transferidir: “Xarici investisiyanın iqtisadi səmərəsi yalnız ölkəyə gətirilən kapitalın həcmi ilə ölçülməməlidir. Əsas məsələ həmin investisiyanın Azərbaycanda nə qədər əlavə dəyər yaratması, yerli istehsalçıları nə dərəcədə inkişaf etdirməsi və ölkənin texnoloji potensialına hansı töhfəni verməsidir. İstehsal müəssisələrinin sadəcə hazır məhsulların yığılması və qablaşdırılması ilə məhdudlaşması uzunmüddətli sənayeləşmə baxımından gözlənilən nəticəni verməyə bilər. Buna görə də yerli komponentlərin istehsalı, texnologiyaların mənimsənilməsi və yerli sahibkarların təchizat zəncirinə inteqrasiyası vacibdir. Azərbaycanın mövcud sənaye parklarının təcrübəsi də bu baxımdan əhəmiyyətlidir. Sənaye zonalarına yatırılan investisiyalar, yaradılan iş yerləri və ixrac göstəriciləri bu modelin iqtisadiyyatın şaxələndirilməsində rolunu nümayiş etdirir. Azərbaycan-Çin Sənaye Parkı isə daha geniş texnoloji əməkdaşlıq və beynəlxalq istehsal əlaqələri baxımından yeni mərhələ yarada bilər. Mən hesab edirəm ki, bu layihənin iqtisadi modelində yerli sahibkarlığın iştirakı, texnologiya transferi, ixrac yönümlü istehsal və rəqabətli sənaye mühitinin formalaşdırılması əsas prioritetlər olmalıdır. Dövlət tərəfindən təqdim ediləcək güzəştlərin qarşılığında investorların konkret investisiya, istehsal, məşğulluq və texnologiya transferi öhdəlikləri müəyyənləşdirilməlidir”.
Mühüm platforma
“Nəticə etibarilə, Azərbaycan-Çin Sənaye Parkının yaradılması ölkənin qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə, ixrac coğrafiyasının genişlənməsinə və yeni texnoloji istehsal sahələrinin formalaşmasına töhfə verə bilər. Layihənin uğurunu cəlb edilən investisiyanın nominal həcmi ilə deyil, Azərbaycanda yaradılan əlavə dəyər, ixrac olunan məhsullar, texnologiya transferi, yerli sahibkarların iştirakı və dayanıqlı iş yerlərinin sayı ilə qiymətləndirmək lazımdır. Azərbaycan üçün əsas strateji hədəf Çin kapitalını və texnologiyasını ölkənin uzunmüddətli sənayeləşmə strategiyasına inteqrasiya etmək olmalıdır. Bu əməkdaşlıq düzgün iqtisadi prinsiplər əsasında qurularsa, Azərbaycan-Çin Sənaye Parkı ölkəmizin regional istehsal və ixrac mərkəzinə çevrilməsi istiqamətində mühüm platforma rolunu oynaya bilər” – deyə A.İbrahimov əlavə edib.
“Bu imkanlar Azərbaycan üçün də faydalı olacaq”
İqtisadçı Eldəniz Əmirov deyib ki, nəzərə alsaq ki, Çin dünyanın ən böyük sənaye istehsalçılarından biridir və eyni zamanda bu ölkənin istehsal, texnologiya və həmçinin sənaye idarəçiliyi sahəsində böyük təcrübəsi var, təbii ki, bu imkanlar Azərbaycan üçün də faydalı olacaq: “Buna görə də Azərbaycan-Çin Sənaye Parkının yaradılması ölkəmiz üçün, ölkəmizin iqtisadiyyatı üçün bir neçə istiqamətdə əhəmiyyətli nəticələr verə bilər. Bu, nəticələrdən birincisi təbii ki, yeni istehsal müəssisələrinin yaradılmasıdır. Hazırda Azərbaycanda Çindən böyük həcmdə hazır məhsul idxal olunur. Yəni ölkə idxalında Çin məhsullarının payı çox yüksəkdir. Birgə Sənaye parkının yaradılması isə həmin məhsulların müəyyən hissəsinin Azərbaycanda istehsal olunmasına imkan verəcək və bu da idxaldan asılılığı böyük ölçüdə azaldacaq. Bu, eyni zamanda iş yerlərinin açılmasına və hər zaman qeyd etdiyimiz qeyri-neft sənayesinin genişlənməsinə xidmət etmiş olacaq”.
Çin təcrübəsinin Azərbaycana gətirilməsi
E.Əmirov vurğulayıb ki, ikinci bir istiqamət isə həm texnologiyanın, həm də Çin təcrübəsinin Azərbaycana gətirilməsidir: “Yəni təkcə Çin kapitalının ölkəmizə gəlməsi bizim əsas məqsədimiz deyil. Əsas məqsədimiz ölkəmizdə müasir istehsal texnologiyasının tətbiqidir, yerli mütəxəssislərin bu prosesləri öyrənməsidir, yəni peşəkarların hazırlanmasıdır. Azərbaycan müəssisələrinin, yəni yerli istehsalın yeni istehsal prosesinə inteqrasiyasıdır. Bu, çox önəmlidir”.
Röya İsrafilova