“Azərbaycanın “dəmir yumruğu” hər təhdidə hazırdır” Siyasət

“Azərbaycanın “dəmir yumruğu” hər təhdidə hazırdır”

“İran İslam Respublikasının Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları ilə hücum həyata keçirməsi fonunda Tehranın qeyri-praqmatik davranışları bütün mümkün təhdidlərin, o cümlədən Azərbaycanın transmilli infrastruktur layihələrinə yönələ biləcək risklərin yenidən qiymətləndirilməsi məsələsini gündəmə gətirir”.

Bu fikirləri deputat Bəhruz Məhərrəmov Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının son iclasında səsləndirdiyi mesajlar Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoyur: “Dövlət başçısı bəyan etdi ki, Azərbaycan xalqı əmin olmalıdır – bizə qarşı yönələn istənilən bəd niyyət qarşısında ‘dəmir yumruq’u görəcək. Bir sözlə, rəsmi Bakı heç bir beynəlxalq subyektə Azərbaycanın səbrini sınamağı məsləhət görmür”.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvü kimi BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə sadiq qalaraq güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək prinsipinə riayət edir və münaqişələrin həlli üsulu kimi müharibənin rədd olunması mövqeyini dəstəkləyir: “Bu baxımdan regionda yeni müharibə ocağının yaranmasını arzulamırıq. Lakin beynəlxalq hüquq bizə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən tək və ya müttəfiqlərimizlə birlikdə təcavüz aktından özümüzü müdafiə etmək hüququ verir”.

Deputat qeyd edib ki, İran növbəti addımlarını müəyyənləşdirərkən Azərbaycanın regionda yeni reallıq yaratmaq imkanına malik güc və potensialını, eyni zamanda ölkəmizin transmilli layihələrinin qlobal əhəmiyyətini nəzərə almalıdır: “Azərbaycanın enerji və nəqliyyat infrastrukturu artıq beynəlxalq güclərin maraqlarının uzlaşdığı strateji platformaya çevrilib. Bu səbəbdən Tehran populist çağırışlardan və mümkün riskli addımlardan öz təhlükəsizliyi naminə çəkinməlidir”.

Günel Elxan