ABŞ son 40 ildə ilk dəfə sualtı qayıqlar üçün yeni nüvə döyüş başlığı hazırlayır Gündəm

ABŞ son 40 ildə ilk dəfə sualtı qayıqlar üçün yeni nüvə döyüş başlığı hazırlayır

Birləşmiş Ştatlar son təxminən 40 ildə ilk dəfə olaraq sualtı qayıqlardan atılan raketlər üçün "W93/Mk7" adlı yeni nüvə döyüş başlığı yaradır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Interesting Engineering" (IE) nəşri strateji planlaşdırma proqramına istinadən məlumat yayıb.

Döyüş başlığı modernləşdirilmiş "Trident II D5 Life Extension 2" (D5LE2) ballistik raketi ilə eyni vaxtda hazırlanır. Nəşrin yazdığına görə, bu yeni layihələr "birlikdə Hərbi Dəniz Qüvvələrinin (HDQ) strateji çəkindirmə potensialını əsrin ikinci yarısına qədər qoruyub saxlamaq məqsədi daşıyır".

Modernləşdirmə prosesi ABŞ HDQ-nin "Ohayo" sinfinə məxsus sualtı qayıqları yeni "Kolumbiya" sinifli atom raketdaşıyıcıları ilə əvəz etməyə hazırlaşdığı bir vaxtda baş verir. Yeni döyüş başlığı və yenilənmiş raket, hazırkı donanmanı tədricən əvəz edəcək sualtı qayıqların silahlandırılması üçün nəzərdə tutulub.

IE-nin məlumatına görə, yeni raketin hazırlanması zərurəti hazırkı "Trident II D5" raketinin xidmət müddətinin daha da uzadılması imkanlarının tədricən tükənməsi ilə bağlıdır. Bundan əlavə, onun bəzi komponentləri köhnəlir və artıq yeni "Kolumbiya" sualtı qayıqlarının tələblərinə tam cavab vermir.

Məryəm Quliyeva