"Xalq Prezidentin həyata keçirdiyi siyasi kursu tam dəstəkləyir" Siyasət

"Xalq Prezidentin həyata keçirdiyi siyasi kursu tam dəstəkləyir"

“Keçirilən son rəy sorğuları cənab prezidentimiz İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi fəaliyyətin nəticəsidir, gerçəkliyi əks etdirir”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

Onun fikrincə, heç bir zaman ictimai rəy zəif, bacarıqsız rəhbərlərin tərəfində olmur: “Xalqımız 2003-cü ildən bəri cənab prezidentimizin millətpərvər, vətənpərvər , dövlətpərvər siyasətinin şahidi olub. Yürüdülmüş siyasət güclü millət və qüdrətli dövlət yaradılmasına yönəldilib." Ötən illər ərzində cənab prezidentimiz həm ikitərəfli, həm çoxtərəfli görüşlərdə Azərbaycanın maraqlarını ən üstün səviyyədə qoruyub.
Dövlət başçımızın iştirak etdiyi bütün toplantılarda və görüşlərdə Azərbaycan xalqı tam arxayın olub ki, milli mənafeləri ən yüksək səviyyədə qorunacaq və iynənin ucu qədər belə milli mənafelərdən geri çəkilməyəcəkdir.
Dövlət başçımız bütün bu fəaliyyəti ilə millətimizdə qürur hissi yaradıb. Bu fəaliyyətinə görə də xalqımız cənab prezidentimizə daim etmad göstərib, ona güvənib”.
Musa Qasımlı qeyd edib ki, dövlət başçımız da öz gücünü bilavasitə xalqımızdan alıb: “Xalqımız yürüdülən siyasətin məqsədlərini aydın gördüyü üçün daim cənab prezidentimizin yanında olub və onu birmənalı şəkildə müdafiə edib.
Cənab Prezidentimiz göstərdi ki, tariximizin ən böyük strategidir, ən böyük diplomatıdır. Dövlət başçımız fəaliyyəti ilə sübut etdi ki, hər hansı bir dövlətin gücü təkcə onun ərazisinin böyüklüyü və əhalisinin sayının çoxluğu ilə ölçülmür. Başlıca amil dövlət başçısının zəkasıdır.
Cənab Prezidentimiz İlham Əliyev özünün üstün zəkası ilə Azərbaycan xalqını və dövlətini dünya xalqları, dövlət başçıları arasında qəbul etdirdi. Ona görə də bu gün hətta bir-birləri ilə rəqabət aparan böyük dövlətlərin rəhbərləri cənab Prezidentimiz İlham Əliyevə böyük hörmət, ehtiramla yanaşırlar və bir çoxları dövlət başçımızdan öyrənirlər, onu örnək olaraq görürlər.
Səsvermənin nəticələrinə təsir edən başlıca amillərdən biri Azərbaycanın yalnız öz maraqlarını güdən müstəqil siyasət yürütməsidir. Azərbaycan dövləti heç bir dövlətin və ya dövlətlər qrupunun yanında deyildir, yalnız özünün milli-dövlət maraqlarını güdür.
Cənab Prezidentimiz İlham Əliyev millətimizin arzularını gerçəkləşdirən, yüzilliklərin ən ağır problemini həll edən görkəmli dövlət adamımızdır. 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərqərar edilməsi təkcə ərazi bütövlüyünün bərqərar edilməsi məsələsi deyildir. Bu, yüzilliklərin planlarının vurulub dağıdılması, ayaqlar altına atılması, millətin üstündəki ləkənin silinməsi, başını dik tutaraq qürurla yaşamağın düsturunun verilməsi, Türk dünyasının özünə güvəninin artırılması və nəhayət əzilən xalqlara nümunənin göstərilməsidir”.

Milli Məclisin sədr müavini vurğulayıb ki, qazanılan qələbə ilə cənab Prezidentimiz dünyada haqq, ədalət və sülh rəmzidir: “Qazanılan qələbə ilə cənab Prezidentimiz Cənubi Qafqaza sülhü gətirmiş dövlət adamıdır. Azərbaycan dövlət başçımızın rəhbərliyi altında səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq nümunəsidir. Azərbaycan heç bir zaman heç bir qonşusuna qarşı xoş niyyətdən başqa bir niyyət güdməyib.
Cənab Prezidentimizin bütün çıxışlarında göstərilir ki, müharibələrdə, qarşıdurmalarda heç bir fayda yoxdur. Qarşılıqlı faydalı əməkdaşlıq hamının faydasınadır. Ona görə də rəy sorğusunun nəticələri cənab Prezidentimizin fəaliyyətinə verilən obyektiv qiyməti özündə əks etdirir. Eyni zamanda, bu rəy sorğusundan çıxarılan başlıca nəticə ondan ibarətdir ki, millətimizi bu uğurlara gətirən siyasət daim davam etdirilməlidir.
Azərbaycan bütün nailiyyətlərinə təbii sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri hesabına gəlib çatıb. Millətimizin bundan sonrakı məqsədlərinə nail olmasından ötrü də həmin siyasətin davam etdirilməsi milli-dövlət maraqlarımıza uyğundur”.

Günel Elxan