11:12
945
Kiyev, NATO-nun Ukraynanın Avro-Atlantika təhlükəsizlik sistemindəki yeni rolunu rəsmən tanımasına çalışır. Bu qərar yaxın gələcəkdə qəbul edilə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın NATO yanındakı Missiyasının rəhbəri Alyona Qetmançukun bəyanatına istinadən məlumat yayıb.
NATO-nun Ankarada keçiriləcək sammiti ərəfəsində Ukrayna müttəfiqlərin onun Avro-Atlantika təhlükəsizlik sistemindəki yeni rolunu rəsmən tanıyacağını gözləyir. Kiyev çağırış edir ki, sammitin yekun bəyannaməsində Ukraynanın təkcə Alyansdan dəstək alan deyil, həm də onun təhlükəsizliyini gücləndirən bir dövlət kimi statusu nəhayət təsbit edilsin.
"Siyasi baxımdan bizim üçün Ukraynanın yalnız yardım alan deyil, məhz təhlükəsizlik donoru (security contributor) rolunda tanınması çox vacibdir", — deyə Alyona Qetmançuk izah edib.
Onun sözlərinə görə, Ankarada keçiriləcək növbəti sammit Ukraynanın artıq yeni statusda iştirak edəcəyi ilk sammit olacaq. Lakin NATO üzvlərinin bu faktı yekun bəyannamədə əks etdirmələri olduqca önəmlidir. Missiya rəhbəri qeyd edib ki, son illərdə Kiyevin Alyansla əməkdaşlığı yeni səviyyəyə yüksəlib. Burada xüsusilə Ukraynanın NATO strukturlarına inteqrasiyası və onun kollektiv təhlükəsizliyə verdiyi praktiki töhfə mühüm rol oynayır.
Məryəm Quliyeva