
Prezident İlham Əliyevə yüksək etimad xalqın dövlət başçısının həyata keçirdiyi siyasətə verdiyi qiymətdir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat deyib ki, Medianın İnkişafı Agentliyinin keçirdiyi son ictimai rəy sorğusunun nəticələri Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə yüksək etimadın və geniş ictimai dəstəyin mövcud olduğunu növbəti dəfə təsdiqləyir: “Sorğunun nəticələrinə əsasən respondentlərin 87,7 faizinin Prezident İlham Əliyevə etimad göstərməsi, 93,6 faizinin dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirməsi, 91,5 faizinin növbəti prezident seçkiləri gələn bazar günü keçirilsə ona səs verəcəyini bildirməsi, 81,9 faizinin isə Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab etməsi təsadüfi rəqəmlər deyil. Bu göstəricilər Azərbaycan dövlətinin son illərdə keçdiyi inkişaf yolunun, əldə etdiyi tarixi nailiyyətlərin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin cəmiyyət tərəfindən obyektiv qiymətləndirilməsinin nəticəsidir. Xalq verilən vədlərə deyil, həyata keçirilən işlərə və əldə olunan real nəticələrə qiymət verir. Son illərdə əldə olunan uğurlar isə Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə olan etimadını daha da möhkəmləndirib".

Milli maraqlar hər zaman dövlət siyasətinin əsasını təşkil edib
Soltan Məmmədov qeyd edib ki, yüksək etimadın əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində hər zaman Azərbaycan xalqının və dövlətinin maraqlarının dayanmasıdır: "Prezident bütün fəaliyyəti dövründə milli maraqları hər şeydən üstün tutub. Azərbaycanın müstəqilliyi, suverenliyi və milli maraqları beynəlxalq münasibətlər sistemində hər zaman qətiyyətlə və prinsipial şəkildə müdafiə olunub. Heç bir xarici təzyiq dövlətimizin strateji xəttini dəyişə bilməyib. Azərbaycan xalqı da məhz bu qətiyyətli və prinsipial siyasəti yüksək qiymətləndirir. Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan xalqının iradəsini əsas rəhbər tutan liderdir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, onun əsas dayağı Azərbaycan xalqıdır. O, öz gücünü xalqın etimadından alır, xalqına güvənir və qəbul etdiyi bütün qərarlarda Azərbaycan vətəndaşlarının maraqlarını rəhbər tutur. Məhz buna görə də bu gün xalqla Prezident arasında çox güclü qarşılıqlı etimad mövcuddur. Sorğunun nəticələri də həmin etimadın real göstəricisidir”.

Azərbaycan güclü liderlik sayəsində tarixinin ən böyük uğurlarını əldə edib
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli liderlik keyfiyyətləri həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qəbul edilir:
"Müasir dünyada mürəkkəb geosiyasi proseslər fonunda qətiyyətli siyasi iradəyə malik liderlərin rolu daha da artır. Prezident İlham Əliyev bütün fəaliyyəti ilə sübut edib ki, ən mürəkkəb şəraitdə belə düzgün qərarlar qəbul etməyi, milli maraqları qorumağı və Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etməyi bacaran liderdir. Bu gün onun həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə qazandığı yüksək nüfuz təsadüfi deyil".

İqtisadi inkişaf və güclü dövlət modeli etimadı möhkəmləndirib
Soltan Məmmədov hesab edir ki, Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər də vətəndaşların dövlət başçısına olan münasibətinə birbaşa təsir göstərir:
"Son illərdə Azərbaycan güclü iqtisadiyyata malik dövlətə çevrilib. İnfrastruktur layihələri həyata keçirilib, qeyri-neft sektoru inkişaf edib, ölkənin maliyyə dayanıqlığı möhkəmlənib. Azərbaycan bu gün özünü təmin edən, iqtisadi baxımdan müstəqil dövlət kimi tanınır. Güclü iqtisadiyyat isə güclü sosial siyasət həyata keçirməyə imkan verir. İnsanlar bu inkişafı gündəlik həyatlarında hiss etdikləri üçün dövlət başçısının siyasətini dəstəkləyirlər".

Tarixi Zəfər ictimai etimadı daha da gücləndirib
Deputat bildirib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə əldə olunan tarixi Qələbə ictimai rəydə mühüm rol oynayır:
"44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu, sonrakı mərhələdə isə ölkəmizin dövlət suverenliyi tam təmin edildi. Bu, Azərbaycan xalqının əsrlərlə gözlədiyi tarixi ədalətin bərpası idi. Təbii ki, belə tarixi nailiyyətlər dövlət başçısına olan etimadı daha da gücləndirib".
Azərbaycan artıq regionun lider dövlətidir
Soltan Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində tamamilə yeni status qazanıb:
"Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Eyni zamanda ölkəmiz qlobal miqyasda söz sahibi olan, müstəqil xarici siyasət yürüdən, milli maraqlarını prinsipial şəkildə müdafiə edən nüfuzlu dövlət kimi tanınır. Dünyanın aparıcı ölkələri Azərbaycanı etibarlı tərəfdaş hesab edir. Bütün bunlar Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun nəticəsidir.Bugünkü beynəlxalq vəziyyət fonunda Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi tanınması xüsusi əhəmiyyət daşıyır. Hazırda dünyanın müxtəlif bölgələrində münaqişələr, silahlı qarşıdurmalar və təhlükəsizlik problemləri artır. Belə mürəkkəb şəraitdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin olunması dövlət siyasətinin mühüm uğurlarından biridir. İnsanlar yaxşı bilirlər ki, inkişafın və rifahın əsas şərti məhz sabitlikdir. Buna görə də bu amil də Prezident İlham Əliyevə olan yüksək etimadın formalaşmasında mühüm rol oynayır".
İctimai konsensusun nümayişi
Deputatın sözlərinə görə, sorğunun nəticələri Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursuna güclü ictimai dəstəyin mövcud olduğunu göstərir: "Sorğunun metodologiyası və əhatə dairəsi onun nəticələrinin obyektivliyini təsdiqləyir. Müxtəlif yaş, peşə və sosial qrupları təmsil edən respondentlərin bu mövqeyi göstərir ki, Prezident İlham Əliyevə yüksək etimad cəmiyyətin bütün təbəqələrini əhatə edən ümumi ictimai rəydir. Bu etimad Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinə, milli maraqları qətiyyətlə müdafiə etməsinə, xalqla birliyinə, Azərbaycanın hərtərəfli inkişafına, tarixi Zəfərə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına və mürəkkəb beynəlxalq şəraitdə sabitlik və təhlükəsizliyin təmin olunmasına verilən qiymətin ifadəsidir".