“Hər iki tərəfdə tərəfdaşlığı gücləndirmək yolunda iradə var” Siyasət

“Hər iki tərəfdə tərəfdaşlığı gücləndirmək yolunda iradə var”

“Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin dörd ildən sonra Azərbaycana yenidən səfər etməsi olduqca mühüm əhəmiyyət kəsb edir. O reallığı nəzərə alsaq ki, Qərb təsisatları, platformaları çərçivəsində və kürsüləri səviyyəsində son zamanlar Azərbaycana qarşı gücləndirilən sərt ritorikadan sonra yenidən önəmli Avropa siyasətçisinin Azərbaycana gəlişi və neytrallaşmaya duyulan zərurət vacib detallardan xəbər verir. Bu gəliş İttifaqın regional və bütöv siyasəti ilə birbaşa bağlıdır. Məhz elə bu baxımdandır ki, cənab Prezident İlham Əliyev Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələdə olduğunu qeyd etdi. Bundan öncə Avropa İttifaqı Şurasının Prezidenti, ay yarım sonra isə sözügedən regionun diplomatiyasının rəhbəri Kaya Kallasın, müvafiq olaraq, eyni müddət sonra Ursula Fon der Lyayenin ardıcıllıqla səfəri həm də ondan xəbər verir ki, deməli, Avropa İttifaqı Cənubi Qafqazda daha dinamik siyasət yürütməyi zəruri görür və məhz bu zərurət içində ən lazımlı aktor Azərbaycandır".

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

Ş.Həsənova bildirib ki, hər iki tərəfdə əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı gücləndirmək yolunda iradə mövcuddur: “Azərbaycan hər zaman əl uzadan tərəf olub. Yetər ki, bu uzadılan ələ diktə siyasəti ilə qarşılıq verilməsin. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ermənistan üçün üçüncü, Gürcüstan üçün ön sıralarda dayansa da, Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ticarətin təxminən 70 faizinin Azərbaycanla aparılması çox mətləblərdən xəbər verir”.

Politoloqun fikirlərinə görə, dörd il öncə Ursula Fon der Lyayen Azərbaycana çox kritik bir dönəmdə səfər etmişdi: “Enerjiyə yaranan zərurət fonunda edilən bu səfərdə Azərbaycan reallığı düzgün başa düşdü, Avropa tərəfinin istəyini və zərurətini anladı və buna müvafiq addımlar atdı. Məhz atılan addımların nəticəsidir ki, ixrac olunan qazın həcmi 65 faiz artıb. Dörd il öncə də qızmar günəş altında, çətin zamanda və durumda Azərbaycan bir daha öz simasını göstərdi. Avropa İttifaqının 10 ölkəsinə Azərbaycan qazı ötürülür. Azərbaycan bu potensialı genişləndirmək niyyətindədir. Bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur. Azərbaycanın ehtiyatları buna əl verir. Cənub Qaz Dəhlizi üzərində interkonnektorların çəkilməsi lazımdır ki, bu potensial dəyərləndirilsin. Barmaqların Bakı buxtasına tuşlanması Lyayenə nicat nöqtəsinin, pənah gətirilməli ünvanın harada olduğunun nümayiş etdirilməsi demək idi”.

O eləcə də deyib ki, dövlət başçımız çox haqlı olaraq enerji təhlükəsizliyini milli təhlükəsizliyin vacib komponenti kimi mərkəzə yerləşdirdi: “Məhz mərkəzdə dayanan bu amil digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və artırılması üçün cazibə nöqtəsidir. Azərbaycan Prezidenti həm də onu nəzərə çatdırdı ki, qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırılıb. Yəni Avropa İttifaqı üçün regionda lazım olan aktorları da Azərbaycan inkişafdan kənarda saxlamır. Bunun özü də müsbət dəyərləndirilməli məqamdır. Avropa Komissiyası ilə münasibətlərdə bərpa olunan enerjini kifayət qədər yeni istiqamət adlandıran cənab Prezident Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialını diqqətə çatdırdı. Habelə dövlət başçımız strateji tərəfdaş ola biləcəyimizi də təklif etdi. Dövlət başçımız həm də o amili nəzərə çatdırdı ki, atılan bütün addımlar, imzalanan müqavilələr həm də öhdəlik deməkdir. Yəni Azərbaycan öz öhdəliklərinə sadiqdir. Öhdəlik də qarşılıqlıdır”.

Röya İsrafilova