
AZƏRTAC Xurşidbanu Natəvanın yaradıcılığının əhəmiyyəti barədə incəsənət xadimləri ilə silsilə söhbətlərini davam etdirir. Budəfəki müsahibimiz Azərbaycan və Çexiya Yazıçılar birliklərinin üzvü, “Natəvan” cəmiyyətinin və Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri, Xurşidbanu Natəvanın taleyindən bəhs edən “Atla gediş” pyesinin müəllifi, şairə və dramaturq Leyla Bəyimdir.
– Leyla xanım, “Natəvan” cəmiyyətini şairənin şərəfinə adlandırmısınız.
–Bu, hər şeydən əvvəl, Azərbaycanın dahi qadınlarından birinin xatirəsinə ehtiramın ifadəsidir. İstəyirdim ki, Natəvanın adı daha çox səslənsin, onu ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da tanısınlar.
Natəvan təkcə görkəmli şairə deyildi. O, Qarabağ aristokratiyasının nümayəndəsi, xeyriyyəçi, “Məclisi-üns” ədəbi məclisinin rəhbəri, XIX əsrdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına böyük təsir göstərmiş bir şəxsiyyət idi.
Şəxsiyyətinin miqyasına görə onu eyni dövrdə yaşamış Jorj Sandla tamamilə müqayisə etmək olar. Lakin fransız yazıçısının adı bütün dünyada tanındığı halda, Natəvan hələ dünya mədəniyyətində layiq olduğu yeri tutmalıdır.
– Nə üçün Natəvan haqqında pyes yazmaq qərarına gəldiniz?
– “Atla gediş” pyesi ilə bağlı hər şey tamamilə gözlənilmədən baş verdi. 2018-ci ilin sonları idi. Yuxuda Natəvanı gördüm. O, şahmat taxtasının arxasında oturmuşdu və... özü-özü ilə şahmat oynayırdı. Bu obraz o qədər güclü təsir bağışladı ki, yuxudan oyananda məhz belə bir səhnəni nə üçün gördüyümü anlamağımın vacib olduğu hissinə qapıldım.
Beləliklə, Natəvanın yaradıcılığını və həyatını araşdırmağa başladım. Şeirlərini diqqətlə oxuduqca, onların yazıldığı dövrü müəyyənləşdirdikcə anladım ki, onun ilk həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə yaşadığı dövrün poeziyası sevgi və xoşbəxtliklə doludur... Onda belə bir sual yarandı: bəs onlar nə üçün ayrıldılar?
Məhz burada sonradan ciddi araşdırma işinə çevrilən bədii ideya yarandı. Süjetin maraqlı tərəflərini açıqlamaq istəmirəm. Düşünürəm ki, oxucu bu yolu özü keçsə, onun üçün daha maraqlı olacaq.
“Atla gediş” pyesi “Literaturnıy Azərbaycan” jurnalında dərc olunub. Tanınmış çex şairi və tərcüməçisi Milan Dvorjakın tərcüməsində əsər Çexiyada səhnə həyatı qazanıb. İlk teatrlaşdırılmış oxunuş Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib. Əsər çex tamaşaçıları tərəfindən o qədər böyük rəğbətlə qarşılanıb ki, mənim də üzvü olduğum, xaricdə yaşayan çexlərin yaradıcılığının təbliği sahəsində yüzillik ənənəyə malik təşkilat olan Çexoslovakiya Xaricdəki Çexlər İnstitutunun təşəbbüsü ilə daha bir səhnə oxunuşu təşkil edilib.
– Natəvanın şəxsiyyətinin Azərbaycan mədəniyyəti üçün əhəmiyyəti nədən ibarətdir?
–Natəvan Azərbaycan mədəniyyətinin əsas simalarından biridir. Onun ədəbiyyata, xalq musiqi yaradıcılığına, xeyriyyəçilik fəaliyyətinə və ictimai həyata verdiyi töhfəni qiymətləndirmək çətindir. Amma bundan da vacib olan başqa bir məqam var. O, güclü və müdrik, savadlı və fəal, istedadlı və səxavətli Azərbaycan qadını idealının təcəssümünə çevrilib – bu, Vətənini səmimi qəlbdən sevən və xalqı qarşısında məsuliyyət hiss edən qadın idealıdır.
Natəvan kimi şəxsiyyətlər xalqın mədəni kodunu formalaşdırır. Tarixi yaddaş məhz belə köklər üzərində dayanır.
– Şairənin yaradıcılığı bu gün nə dərəcədə maraqlı və aktualdır? O, incəsənət xadimlərini necə ruhlandırır?
– Natəvanın məhəbbət lirikası heyrətamiz dərəcədə müasirdir. O, incə, musiqili və emosional baxımdan dəqiqdir. Təsadüfi deyil ki, onun şeirləri bəstəkarları mahnılar yaratmağa ruhlandırıb. Mənim həmişə yalnız sevimli Rəşid Behbudovun ifasında dinlədiyim “Qərənfil” mahnısı xalq mahnıları repertuarına daxil olub.
Şəxsən məni əvvəlcə onun poeziyası cəlb etdi, daha sonra isə taleyi ilhamlandırdı. Onun həyatında şəxsi faciə ilə bütöv bir dövrün faciəsi heyrətamiz şəkildə bir-birinə qovuşub. Onun taleyi yalnız Qarabağın deyil, həm də Qafqazın tarixini, Qafqaz xalqlarının faciələrini və xeyirlə şərin əbədi mübarizəsini əks etdirir.
Onu da deyim ki, “Atla gediş” pyesimin görkəmli rəssam Marqarita Kərimova-Sokolovanı Natəvanın portretini yaratmağa ruhlandırması mənim üçün xüsusi rəmzi məna daşıyır. Bu əsər Milanda Leonardo da Vinçi mükafatına layiq görülüb. Pyesin baş qəhrəmanının obrazı azərbaycanlı rəssam-kuklaçı Vəfa Aşumovanı da “Xurşidbanu Natəvan” müəllif kuklasını yaratmağa ruhlandırıb. Həmin kukla Praqada keçirilən “Doll Prague” beynəlxalq sərgisində nümayiş etdirilib.
Pyes, həmçinin çex teatr rejissorlarını və aktyorlarını ilhamlandırıb. Ümidvaram ki, bir gün bu əsər bədii filmin əsasını təşkil edəcək. Mənə elə gəlir ki, burada film yaratmaq üçün lazım olan hər şey var: güclü qadın qəhrəman, sevgi hekayəsi, dram, tarixə yeni və həqiqətəuyğun baxış, müasir hadisələrlə əlaqə və əbədi insani suallar.
– Bəs Natəvanın yaradıcılığı xaricdə nə dərəcədə tanınır?
– Təəssüf ki, Natəvanın adı dünya humanitar elmində layiq olduğu yeri hələ tutmayıb. Onun irsi hətta Azərbaycanda, fikrimcə, tam şəkildə araşdırılmayıb. Bu günədək bütöv bir “natəvanşünaslıq” məktəbi formalaşmayıb.
Uzun illərdir kök salmış tarixi stereotiplər də qalmaqdadır. Məsələn, onun Xasay xan Usmiyevlə ilk nikahının yalnız siyasi ittifaq olduğu barədə fikir geniş yayılıb. Bu, həqiqətə uyğun deyil. Zənnimcə, məhz bu yanlış yanaşma uzun illər iki görkəmli şəxsiyyətin – Qarabağ xanımı Natəvanın və qumuq xalqının böyük oğlu Xasay xan Usmiyevin taleyinin dərindən öyrənilməsinə mane olub.
Məhz buna görə də arxivlərə, sənədlərə və ilkin mənbələrə yenidən müraciət etmək çox vacibdir. Natəvan haqqında nə qədər çox məlumat əldə ediriksə, onun şəxsiyyətinin miqyası da bir o qədər aydın görünür. O, keçmişin qəhrəmanı olmaqdan çıxır və bizim müasirimizə - düşüncələri, hissləri və taleyi bir əsr yarım keçməsinə baxmayaraq, bu gün də bizimlə danışan bir insana çevrilir.