ŞƏT ölkələri Azərbaycanın əsas iqtisadi tərəfdaşlarına çevrilir Siyasət

ŞƏT ölkələri Azərbaycanın əsas iqtisadi tərəfdaşlarına çevrilir

Beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı müasir dövrdə çoxqütblü dünya nizamına keçid və qlobal idarəetmə institutlarının rolu aparıcı diplomatik platformaların ana müzakirə mövzusuna çevrilib. Bu xüsusda, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişləndirilmiş tərəfdaşlıq formatı olan "ŞƏT+" görüşləri qlobal dialoqa öz töhfəsini verir.

Ölkəmizin həyata keçirdiyi uğurlu, müstəqil və balanslaşdırılmış xarici siyasət kursu dünyanın aparıcı beynəlxalq təşkilatları ilə səmərəli əlaqələrin qurulmasına geniş imkanlar yaradır. Bu baxımdan, Avrasiya məkanının siyasi, təhlükəsizlik və iqtisadi arxitekturasında xüsusi çəkiyə malik ŞƏT ilə inkişaf edən əlaqələr xarici siyasət prioritetlərimizdə mühüm yer tutur.

Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq platformalarının rolu durmadan artır. Bu çərçivədə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Avrasiya məkanında sabitliyin və çoxtərəfli dialoqun əsas mərkəzlərindən biri kimi cıxış edir. Təşkilatın fundamental məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad, dostluq, mehriban qonşuluq və səmərəli əməkdaşlığı gücləndirməkdir. Regionda sülh, təhlükəsizlik və sabitliyi təmin etməklə yanaşı, beynəlxalq müstəvidə ədalətli nizamı təşviq etmək ŞƏT-in fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan Respublikası bu strateji platforma ilə əlaqələrin mərhələli inkişafına xüsusi önəm verir.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı statusunu alıb. 2024-cü ildə isə ölkəmiz rəsmi olaraq dialoq tərəfdaşından müşahidəçi statusuna yüksəlmək üçün müraciət edib. Azərbaycan Respublikasının Prezidenti ŞƏT-in müvafiq olaraq 2022-ci ildə Özbəkistanda fəxri qonaq qismində, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən sammitlərində iştirak və çıxışlar edib. Bu ardıcıl təmaslar Azərbaycanın qlobal və regional proseslərdə artan nüfuzunun bariz göstəricisidir.

Deputat diqqətə çatdırıb ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətində son dövr mühüm institusional islahatlar və analitik yeniliklər mərhələsi kimi yadda qalır. 2025-ci ilin 31 avqust - 1 sentyabr tarixlərində Çinin Tyantszin şəhərində keçirilən sammit bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Çin sədrliyinin “Şanxay ruhunu qorumaq: ŞƏT hərəkətdə” şüarı altında baş tutan bu mötəbər tədbirdə təşkilatın gələcək inkişaf dinamikasını müəyyən edən strateji qərarlar qəbul olunub. Tyantszin sammitinin yekun bəyannaməsinə əsasən, ŞƏT çərçivəsində mövcud olan “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarının vahid “ŞƏT tərəfdaşı” adı altında birləşdirilməsi barədə tarixi qərar verilib. Bu addım təşkilatla tərəfdaş ölkələr arasında hüquqi və siyasi münasibətlərin daha sadə və çevik mexanizmlə idarə olunmasına şərait yaratmışdır. Qərara əsasən, Azərbaycanın da təşkilatdakı statusu rəsmən “ŞƏT tərəfdaşı” olaraq yenilənib.

Hazırda Azərbaycanla yanaşı Türkiyə, Əfqanıstan, Monqolustan, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları və Myanma bu vahid statusa malikdir. Təşkilatda sədrlik estafeti 1 sentyabr 2025-ci il tarixindən etibarən Qırğızıstana keçib. Qırğızıstanın sədrliyi dövründə təşkilatın ana fəaliyyət xətti və şüarı “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” kimi müəyyənləşdirilib.

Növbəti mərhələdə isə sədrlik Pakistan İslam Respublikasına keçəcək. 2026-cı ildə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına Qırğızıstanın paytaxtı Bişkek şəhəri ev sahibliyi edir. Yubiley tədbirləri çərçivəsində iyul ayında media və analitik mərkəzlərin sammiti uğurla baş tutub. Təşkilatın əsas tədbiri dövlət başçılarının yubiley iclası isə avqustun 31-dən sentyabrın 1-dək keçirilir.

K.Bayramov vurğulayıb ki, üzv dövlətlərin Avrasiya materikinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini və qlobal ÜDM-in 25 faizini əhatə etməsi təşkilatın siyasi və iqtisadi çəkisini aydın şəkildə ortaya qoyur. Bu göstəricilər fonunda beynəlxalq arenada yaşanan gərginliklər, ikili standartlar və artan geosiyasi qarşıdurmalar şəraitində ŞƏT-in nə dərəcədə önəmli və təsirli bir quruma çevrildiyini təsəvvür etmək çətin deyil. ŞƏT-nin əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, siyasət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və ekoloji təhlükəsizlik istiqamətlərində səmərəli əməkdaşlığın qurulması, regionda sülh və sabitliyin təmin olunması, həmçinin ədalətli beynəlxalq siyasi-iqtisadi sistemin formalaşdırılması istiqamətində birgə təşəbbüslərin irəli sürülməsini nəzərdə tutur.

Bu baxımdan, təşkilatda xüsusilə Çin Xalq Respublikasının rolu fərqlənir. Əhali sayına görə dünyada birinci, iqtisadi gücünə görə ikinci olan Çin, ŞƏT çərçivəsində aparıcı mövqe tutur. Çinin geniş iqtisadi potensialı təşkilat daxilində ticarət və investisiya əlaqələrinin inkişafında mühüm rol oynayır.
Cari ildə keçirilən "ŞƏT+" görüşünün əsas mövzusu “BMT – ədalətli dünya nizamının əsas elementi: 'ŞƏT+' ölkələrinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi” (The UN as a key element of a just world order: contribution of the SCO+ States to the formation of a multipolar world) kimi müəyyənləşdirilib. Bu mövzu ŞƏT-ə üzv və tərəfdaş dövlətlərin Birləşmiş Millətlər Təşkilatının qlobal sülh və təhlükəsizlikdəki mərkəzi roluna verdiyi böyük dəyəri bir daha nümayiş etdirir. Eyni zamanda, beynəlxalq hüququn aliliyinin qorunması, universal dəyərlərə söykənən ədalətli dünya nizamının bərqərar olunması və çoxqütblü diplomatiyanın inkişafında "ŞƏT+" ölkələrinin birgə səylərinin vacibliyini vurğulayır, bu ideyaların müzakirəsinə və reallaşmasına öz töhfəsini verir.

Ölkəmiz yalnız siyasi platformalarda deyil, eyni zamanda iqtisadi və humanitar əməkdaşlıq sahəsində də ŞƏT çərçivəsində müxtəlif birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Bununla yanaşı, Azərbaycan beynəlxalq təhlükəsizlik gündəliyində mühüm yer tutan terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transsərhəd təhdidlərə qarşı mübarizə təşəbbüslərində də təşkilatla əməkdaşlıq edir. Çin Azərbaycanın suveren inkişaf modelini dəstəkləyir.
K.Bayramov əlavə edib ki, Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri artıq təkcə ikitərəfli müstəvidə deyil, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq baxımından nümunəvi modelə çevrilməkdədir. Xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın milli maraqları ilə tam üst-üstə düşür. Bu əməkdaşlıq həm regional, həm də qlobal platformalarda ölkəmizin mövqeyini daha da gücləndirir və gələcək strateji hədəflərimizin reallaşmasına xidmət edir.

Cavid