12:11
616
“Azərbaycan kimi dialoqa açıq ölkənin Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı olması ölkəmizin xarici siyasətində Qlobal Cənuba və Avrasiya coğrafiyasında əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu gün Qlobal Cənub dünya əhalisinin təxminən üçdə ikisini özündə birləşdirir və getdikcə dünya iqtisadiyyatının əsas mərkəzlərindən birinə çevrilir:
“Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri arasında Çin və Hindistan kimi həm böyük istehlak, həm də böyük istehsal bazarlarına malik dövlətlər var. Azərbaycanın bu cür iqtisadi platformalarda əməkdaşlıq etməsi ölkəmiz üçün yeni bazarlara çıxış, iqtisadi tərəfdaşlıqlar və geniş imkanlar deməkdir”.
Millət vəkili qeyd edib ki, ŞƏT çərçivəsində Qazaxıstan, Qırğızıstan və Rusiya kimi ölkələrin də təmsil olunması təşkilatın əhəmiyyətini daha da artırır:
“Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər mühüm təşkilat olsa da, hazırda inkişaf və təşkilatlanma mərhələsindədir. Mənə elə gəlir ki, bu təşkilatın Avropaya uzanması baxımından Azərbaycanın da xüsusi əhəmiyyəti var. Çünki Azərbaycanın coğrafi mövqeyi Şərqlə Qərb arasında mühüm bağlantı rolunu oynayır”.
H.Babaoğlu vurğulayıb ki, mövcud geosiyasi proseslər fonunda Azərbaycanın tranzit və logistika imkanları daha böyük əhəmiyyət kəsb edir:
“Bu gün Qlobal Cənubun Avropaya çıxışı baxımından bir sıra alternativ marşrutlarda ciddi məhdudiyyətlər yaranıb. Rusiya və Şərqi Avropa istiqamətindəki mürəkkəb geosiyasi vəziyyət, Qırmızı dənizdəki proseslər Çinin “Bir kəmər, bir yol” layihəsinin marşrutlarına da təsir göstərir. Mərkəzi Asiyadan Avropaya uzanan ən əlverişli və təhlükəsiz bağlantılardan biri kimi Azərbaycanın əhəmiyyəti burada bir daha ortaya çıxır”.
Deputatın sözlərinə görə, Azərbaycanın nəqliyyat-kommunikasiya imkanları Qlobal Cənubun Avropa ilə iqtisadi inteqrasiyasında ölkəmizi mühüm dövlətə çevirir.
“Bütün bunlar Azərbaycanın əhəmiyyətini artırır. Böyük iqtisadiyyatların inteqrasiyası, Avropa ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan mühüm dövlətə çevrilir. Hesab edirəm ki, Şərq ölkələri də bütün bunları yüksək qiymətləndirərək Azərbaycanla daha geniş və yüksək səviyyəli tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdırlar”, - deyə H.Babaoğlu əlavə edib.
Günel Elxan