
“Bu dəfəki Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı əsasən təşkilatın gələcək inkişafını müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb edəcək. Son 25 ildə ŞƏT üzvlərinin sayı ikiqat artıb və təşkilat dünyanın ən böyük təşkilatlarından birinə çevrilib. Lakin önəmli olan bu artım deyil, təşkilatın nə qədər effektiv fəaliyyət göstərməsi və iqtisadi inteqrasiyanı özündə cəmləşdirməsi əsas məsələdir. Həmçinin üzvlər arasındakı ziddiyyətlərin də təşkilata necə təsir etdiyi əsas suallardan biri olaraq qalır. Bu reallıqlar fonunda təşkilat 25 illiyini qeyd edir. ŞƏT plus formatında Zirvə görüşü, habelə dövlət başçıları şurasının iclası keçiriləcək. ŞƏT plus formatı dediyimiz zaman buraya üzv ölkələri, müşahidəçilər, dialoq tərəfdaşları və beynəlxalq təşkilatların nümayəndələri daxildir. Toplantı “Davamlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarı altında keçirilir”.
Bu fikirləri xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Ş.Həsənova deyib ki, sammitin əsas sənədləri ilə bağlı Bişkek Bəyannaməsinin və buna bağlı digər sənədlər paketinin imzalanması gözlənilir: “Sammitə kifayət qədər ciddi hazırlıq gedib, çünki yekun sənədlərin hazırlanmasından ötrü son həftələrə qədər ciddi işlər aparıldı. Bu gün təşkilatın hərtərəfli modernləşdirilməsi, hüquqi çərçivəsinin dəqiqləşdirilməsi, həmçinin çoxtərəfli əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi qarşıda duran tapşırıqlardan biridir. Azərbaycan dialoq tərəfdaşı ölkələri sırasındadır. Buraya Ermənistan, Bəhreyn, Kamboca, Misir, Küveyt, Maldiv adaları, Myanma, Nepal, Qətər, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Laos daxildir. Müşahidəçi ölkələr Əfqanıstan və Monqolustandır. 21 ölkənin forumda iştirakı gözlənilir. Forumun keçirilməsi qədər dünya liderləri arasında planlaşdırılan görüşlər də gözlənilən amillər içərisindədir. Çünki artan siyasi və iqtisadi rəqabətdə bu görüşlər xüsusi önəm kəsb edir”.
Politoloqun fikirlərinə görə, vaxtilə “Şanxay beşliyi” kimi mexanizmlə yaradılan təşkilat artıq bir sıra qlobal məsələlərin müzakirə edildiyi platformalardan birinə çevrilib: “Burada əsasən təhlükəsizlik məsələlərinin həlli, sərhəd bölgələrində hərbi gərginliyin azaldılması məsələləri də var. Bu da reallıqdan doğan zərurətdir. Demək olar ki, görüşlər artıq müntəzəm hala gəlib. ŞƏT dünyanın ən böyük regional təşkilatlarından birinə çevrilib. Təşkilata bütün üzv dövlətlər birlikdə təxminən 36,2 milyon kvadrat kilometr ərazini əhatə edir. Bu da bütövlükdə Yer kürəsinin quru sahəsinin təxminən dörddə biri deməkdir. 2024-cü ildə ümumi əhalisi 3,43 milyard nəfərlə müəyyənləşdirilir ki, bu da planet əhalisinin 42 faizindən çoxu deməkdir. İqtisadi göstəricilərə gəldiyimiz zaman 2025-ci il üçün ŞƏT ölkələrinin ümumi nominal ÜDM-i təxminən 27,4 trilyon dollara çatıb. Bu da dünya iqtisadiyyatının 23 faizindən çoxuna bərabərdir. Bu gün ŞƏT iqtisadi baxımdan inkişaf edir. Çinin təşkilat daxilində iqtisadi çəkisi durmadan artır və demək olar ki, Çin özünü cazibə qüvvəsi kimi cəlb edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Tyantszin sammitində rəsmi Bakını təşkilatın əsas iştirakçılarından biri olaraq Çinlə münasibətlərimizi daha geniş regional əməkdaşlığın əsası kimi adlandırmışdı. “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri də Azərbaycan idi. Orta Dəhlizin özü də gündəlikdə dayanan əsas məsələlərdən biridir. Bu baxımdan Azərbaycan-Çin münasibətləri olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın atdığı addımlarla, yürütdüyü siyasətlə ŞƏT-in vizyonu həm kəsişir, həm də uzlaşır. Azərbaycanın ŞƏT-dəki rolu artır. Bu da dialoq tərəfdaşı statusumuzdan daha geniş çərçivəyə keçərək, Azərbaycanın Avrasiya iqtisadiyyatında, habelə nəqliyyat zəncirində əsas həlqə olması ilə müəyyənləşir”.
O həmçinin qeyd edib ki, ŞƏT Bankının yaradılması qərarı ötən il Tyantszin şəhərində keçirilən sammitdə qəbul edildi: “Buna qədər də bu istiqamətdə müxtəlif müzakirələr getmişdi. Texniki cəhətdən bank hələ fəaliyyət göstərməsə də, bu istiqamətdə işlər gedir. Çünki qarşılıqlı hesablaşmalar üçün valyuta ilə bağlı mürəkkəb məsələləri dövlətlər həll etməlidirlər. Burada isə ziddiyyətlər də var. Məsələn, bəzi aktorlar dollardan istifadə etmək istəmirlər. Valyuta mübadiləsi olaraq yuan seçimi də müqavimətlə qarşılaşır. Bu müqaviməti göstərən ölkələrdən biri Hindistandır. ŞƏT-in daha öncə sırf iqtisadi mexanizmə çevriləcəyi və iqtisadi komponentə keçməsi müzakirə mövzusu idisə, bu gün artıq çoxtərəfli istiqamətdə təşkilata duyulan geniş bir baxış mövcuddur. İnvestisiya və texnologiya kimi sahələrdə əməkdaşlıq daha önə çıxan məsələlərdən biridir. Bu isə niyyət edilən çoxtərəfli formatın ruhuna uyğundur. Azərbaycan aktiv xarici siyasət yürüdür. Bu siyasət çoxtərəflilik amilinə söykənir. Coğrafi baxımdan əlverişli mövqedə yerləşməyimiz, Azərbaycanın əldə etdiyi Zəfərdən sonra gücünün və nüfuzunun dünyada artması, milli maraqlara əsaslanaraq hərəkət etməyimiz Şanxay ailəsi tərəfindən də hörmətlə qarşılanır”.
Ş.Həsənova əlavə edib ki, Təşkilatın təbiətini ittifaq deyil, əməkdaşlıq üçün bir çərçivə kimi görürlər: “Bu da Azərbaycanın baxışına uyğundur. Çünki burada öhdəliklərin götürülməsindən daha çox qarşılıqlı əməkdaşlığın, dialoqun möhkəmləndirilməsi xüsusi məzmun kəsb edir. Bu gün dövlətlər arasında regional təhlükəsizlik, ticarət və iqtisadi əməkdaşlıq, rəqəmsallaşdırma, “yaşıl inkişaf” məsələləri getdikcə daha çox önəm kəsb edir. Çünki gələcəkdə qarşıdurma və fikir ayrılıqları bu sahələr üzrə əməkdaşlığın dərinləşməsi ilə hamarlaşacaq. Avrasiya məkanında bütövlükdə dünya üçün getdikcə daha təsirli həllər tapılmalıdır. Bu istiqamətdə dövlət rəhbərlərindən də geniş vizyon tələb olunur. Cənab Prezident İlham Əliyev idarəçilik və dövlət məsələlərində fikir ayrılıqlarının aradan qaldırılmasında uğurlu təcrübəyə malikdir. Dünyanın əks tendensiya ilə yaşadığı, habelə əməkdaşlığın inkişafına doğru gedildiyi bir zamanda ŞƏT olduqca geniş imkanlar təqdim edir. Təşkilat çərçivəsində mövcud tərəflər arasında qarşılıqlı əlaqə gücləndirilərsə, istifadə olunmamış potensial daha da üzə çıxarıla bilər deyə düşünürəm. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməyimiz, həmçinin Azərbaycanın xarici siyasətdə tutduğu mövqe ŞƏT ilə əməkdaşlığı daha da dərinləşdirəcək”.
Röya İsrafilova