
Avqustun 31-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, əvvəlcə nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.
Daha sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad ediblər.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dövlət başçılarının siyasi iradəsinə və möhkəm etimada əsaslanan münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafından məmnunluq ifadə olunub.
Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında etimada, hörmətə və faydalı təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycan və Çin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsinin, transmilli cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, təcrübə və informasiya mübadiləsi, habelə prokurorluq fəaliyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.
Yinq Yonq Azərbaycan ilə Çin arasında mövcud münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd edərək iki ölkənin strateji tərəfdaş dövlətlər olduğunu vurğulayıb, müxtəlif sahələri əhatə edən faydalı əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.
Yinq Yonq iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edərək səfərlərin, təcrübə mübadiləsinin və peşəkar əlaqələrin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını qeyd edib.
Çin Xalq Respublikasının Baş prokuroru Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilənin hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması və cinayət işləri üzrə hüquqi yardım mexanizmlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşün nəticələrinə uyğun olaraq iki qurum arasında hüquqi əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Diqqətə çatdırılıb ki, imzalanmış sənəd iki ölkənin prokurorluq orqanları arasında yüksək səviyyədə inkişaf edən əlaqələrin və əməkdaşlığın məntiqi nəticəsi olmaqla, bu sahədə münasibətlərin yeni mərhələyə yüksəldilməsinə xidmət edir.
Memorandum təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, prokurorluq əməkdaşlarının peşəkar inkişafının və ixtisasının artırılması, müasir informasiya texnologiyalarının prokurorluq fəaliyyətində tətbiqi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və bu sahədə əldə olunmuş nailiyyətlərin bölüşülməsi, habelə əməkdaşlığın digər aktual istiqamətlərdə inkişaf etdirilməsi ilə bağlı məsələləri əhatə edir.
Bundan başqa, Azərbaycan və Çin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına və ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələr nəzərə alınaraq Yinq Yonqa “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
Daha sonra Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyini də ziyarət edib.
Nümayəndə heyətinin işgüzar səfəri davam edir.
***
12.32
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində bu gün Baş Prokurorluqda görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonq imzalayıblar.
Görüşdə Çin Xalq Respublikasının Ali Xalq Prokuroru Yinq Yonq "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilib.
Baş prokuror Kamran Əliyev medalı çinli həmkarına təqdim edib.