“ŞƏT əməkdaşlığı Azərbaycanın “orta güc” strategiyasını tamamlayır” Siyasət

“ŞƏT əməkdaşlığı Azərbaycanın “orta güc” strategiyasını tamamlayır”

“Azərbaycan bu gün artıq beynəlxalq tədbirlərdə yalnız dinləyən tərəf deyil. Ölkəmiz regional və qlobal gündəliklə bağlı öz mövqeyini ortaya qoyur, təşəbbüslər irəli sürür və qəbul edilən qərarlara təsir imkanlarını genişləndirir. Bu, “orta güc” anlayışının əsas xüsusiyyətlərindən biridir. Orta güc dövləti olmaq yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bu status ilk növbədə dövlətin diplomatik çevikliyi, beynəlxalq proseslərə təsir imkanları, etibarlı tərəfdaş imici və müxtəlif qüvvə mərkəzləri ilə münasibət qurmaq bacarığı ilə müəyyən edilir.
Azərbaycan son illərdə məhz bu keyfiyyətləri nümayiş etdirir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

J.Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan–ŞƏT əməkdaşlığı ilə bağlı ən vacib məqamlardan biri Azərbaycanın xarici siyasətinin mahiyyətinin düzgün qiymətləndirilməsidir: “Azərbaycanın ŞƏT ilə əlaqələrini genişləndirməsi heç də digər istiqamətlərdən imtina etməsi demək deyil. Azərbaycan eyni zamanda Avropa üçün mühüm enerji tərəfdaşıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına enerji resurslarının çatdırılmasında mühüm rol oynayır. Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, türk həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında fəal iştirak edir və İslam dünyasının həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Eyni zamanda ölkəmiz Qoşulmama Hərəkatına uğurlu sədrlik edib, COP29-a ev sahibliyi edib, qlobal urbanizasiya və inkişaf məsələlərinin müzakirə olunduğu beynəlxalq platformalarda fəal iştirak edib.
Bütün bunlar göstərir ki, Azərbaycanın xarici siyasəti bir geosiyasi istiqamətə bağlanmır. Azərbaycanın əsas strategiyası çoxvektorlu əməkdaşlıq və milli maraqlara əsaslanan müstəqil siyasətdir. ŞƏT ilə əməkdaşlıq da məhz bu siyasətin tərkib hissəsidir. Azərbaycanın ŞƏT məkanında Mərkəzi Asiya dövlətləri ilə münasibətləri həm ikitərəfli əməkdaşlıq, həm Türk Dövlətləri Təşkilatı, həm də daha geniş Avrasiya əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyır”.

Onun fikirlərinə görə, Azərbaycanın xarici siyasəti ilə bağlı müxtəlif siyasi dairələrin zaman-zaman tənqidi mövqeləri də mövcud olub: “Bu tənqidlərin əsas istiqamətlərindən biri Azərbaycanın böyük geosiyasi güclər arasında balans siyasəti yürütməsinin guya çətinliyi ilə bağlıdır. Bəzi tənqidi yanaşmalarda Azərbaycanla ŞƏT arasında əməkdaşlığın genişləndirilməsi Qərblə münasibətlərə mümkün təsirlər kontekstində müzakirə edilir, Azərbaycanın Asiya və Şərq platformalarına daha fəal inteqrasiyasının xarici siyasətdə verə biləcəyi uğurlu nəticələr sual altına alınır. Lakin bu kimi yanaşmaların əsas zəif tərəfi Azərbaycanın real xarici siyasət modelini nəzərə almamasıdır. Azərbaycanın siyasəti heç vaxt yalnız bir istiqamətə bağlanmaq üzərində qurulmayıb. Əksinə, Azərbaycanın son illərdə qazandığı mühüm uğurlar məhz balanslı və çoxvektorlu siyasətin nəticəsidir. Azərbaycan həm Avropa İttifaqı ilə əməkdaşlıq edir, həm ABŞ ilə münasibətlərini inkişaf etdirir, həm Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, həm Çin və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir, həm də ŞƏT kimi beynəlxalq platformalarla əməkdaşlıq edir. Bu siyasətdə ziddiyyət yoxdur.
Müasir dünyada uğurlu xarici siyasət bir qapının bağlanması və digər qapının açılması demək deyil. Uğurlu siyasət mümkün qədər çox tərəfdaşla qarşılıqlı faydalı əlaqələr qurmaqdır. ŞƏT məsələsində də Azərbaycanın məqsədi hər hansı geosiyasi düşərgəyə qoşulmaq deyil. Məqsəd Azərbaycanın təhlükəsizlik, nəqliyyat, ticarət və iqtisadi maraqlarına uyğun platformalardan səmərəli istifadə etməkdir. Bu baxımdan tənqidlərə ən yaxşı cavab praktiki nəticələrdir”

Deputat əlavə edib ki, əmin praktiki nəticələri Azərbaycanın xarici siyasətdəki uğurlarından təşvişə düşən siyasi opponentlərin bir daha diqqətinə çatdırmaq yerinə düşər: “Belə ki, Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmizin iştirak etdiyi platformaların sayı genişlənir, Bakı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir və Azərbaycan regional proseslərdə qərar qəbul edən əsas aktorlardan birinə çevrilir. ŞƏT əməkdaşlığı Azərbaycanın “orta güc” strategiyasını tamamlayır. Bu əməkdaşlıq Azərbaycanın daha geniş geosiyasi strategiyasının tərkib hissəsidir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu gücləndirir. Azərbaycan Şimalla Cənub arasında yeni nəqliyyat imkanları yaradır. Azərbaycan Türk dünyasını birləşdirən əsas siyasi və iqtisadi mərkəzlərdən birinə çevrilir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Asiya və Afrika ölkələri ilə siyasi və iqtisadi münasibətlərini genişləndirir.
Bütün bunlar birlikdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisini artırır.
ŞƏT ilə əməkdaşlıq da məhz bu böyük strategiyanın mühüm elementidir”.

J.Əliyeva bir əhəmiyyətli məqamı da vurğulayıb: “Azərbaycanın son illərdə əldə etdiyi beynəlxalq uğurların əsas səbəbi müstəqil dövlət siyasətidir. Prezident İlham Əliyevin siyasi iradəsi və ardıcıl strategiyası Azərbaycanı mürəkkəb beynəlxalq şəraitdə öz milli maraqlarını qoruya bilən dövlətə çevirib. Azərbaycan heç kimin diktəsi ilə hərəkət etmir. Azərbaycan öz milli maraqlarından çıxış edir. Bu gün dünyanın yeni düzəni formalaşır.
Belə bir dövrdə Azərbaycanın seçdiyi yol aydındır: müstəqil siyasət, çoxvektorlu diplomatiya, milli maraqlara sadiqlik və bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlıq.
Məhz bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc” kimi mövqeyini daha da möhkəmləndirir və ölkəmizin ŞƏT kimi böyük beynəlxalq platformalarda iştirakına xüsusi strateji məzmun verir”.

Röya İsrafilova