TDT-yə üzv ölkələrin QHT Platformasına Azərbaycanın sədrliyi uzadılıb Siyasət

TDT-yə üzv ölkələrin QHT Platformasına Azərbaycanın sədrliyi uzadılıb

2026-cı il avqustun 28-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının ölkələr üzrə təmsilçilərinin onlayn iclası keçirilib.

Platformanın Baş katibi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, millət vəkili Azər Allahverənov ötən dövr üzrə hesabatla çıxış edib, qarşıda duran vəzifələrlə bağlı məsləhətləşmələr aparılıb.

Qeyd olunub ki, 2025-ci ilin noyabrında rəmzi olaraq Naxçıvanda 8 ölkə tərəfindən təsis edilmiş, daimi qərargahı Bakı şəhərində yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması qısa müddətdə mühüm uğurlara imza atıb.

Bu xüsusda 2026-cı ilin mayında Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu xüsusi vurğulanıb. Qeyd olunub ki, Platformasının əsas tərəfdaşlığı ilə keçirilmiş bu regional tədbir çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali Kipr QHT-lərinin əməkdaşlıq forumları baş tutub.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının Katibliyinin işi yüksək qiymətləndirilib. Türkiyədən Ersin Güzel, ŞKTR-dan Yusuf Tekin, Qazaxıstandan Kairjan Abdıxalıkov, Azərbaycandan Ramil İskəndərli, Qırğızıstandan Nazgül Joldoşeva, Macarıstandan David Biro, və digər təmsilçilər Platformanın Baş katibinin səlahiyyət müddətinin 1 ildən 5 ilə dəyişdirilməsini təklif ediblər. Müzakirələrdə qeyd olunub ki, TÜRKPA təcrübəsində dönəm sədrliyi üzv ölkələr arasında hər il rotasiya əsasında dəyişsə də, Baş katib uzun müddətə seçilir. Qaldırılmış təşəbbüs qəbul olunub. Baş katib Azər Allahverənov etimad üçün təşəkkür edib və bildirib ki, qarşıdakı dövrdə Platforma işini daha da fəallaşdıracaq, yeni layihələrlə çıxış edəcək.