
“Müasir dünya dərin transformasiya dövrünü yaşayır. Ənənəvi güc mərkəzləri arasında rəqabətin kəskinləşməsi, yeni iqtisadi və siyasi qütblərin meydana çıxması, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşməsi dövlətlərin həyata keçirtdiyi xarici siyasət qarşısında tamamilə yeni vəzifələr qoyur. Belə bir şəraitdə müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və müxtəlif geosiyasi məkanlar arasında əməkdaşlıq körpüsü qurmağı bacaran dövlətlərin rolu artır. Azərbaycan məhz bu dövlətlər sırasındadır. Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, prinsipial və müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsini təmin edib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ölkəmizin yalnız regional deyil, beynəlxalq siyasətdə də yeni keyfiyyət mərhələsinə qədəm qoymasına səbəb olub”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan Avropa ilə Asiya, Şimal ilə Cənub, türk dünyası ilə daha geniş İslam coğrafiyası arasında mühüm siyasi, iqtisadi və nəqliyyat bağlantıları yaradan ölkələrdən biridir: “Məhz bu xüsusiyyət Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə daha çox “orta güc dövləti” kimi xarakterizə edilməsinə əsas verir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə inkişaf edən münasibətləri də bu çoxvektorlu və praqmatik xarici siyasətin mühüm istiqamətlərindən biridir. Şanxay Əməkdaşlıq Təşkilatı müasir Avrasiya məkanının ən böyük və mühüm çoxtərəfli platformalarından biridir. Təşkilatın fəaliyyət dairəsi təkcə təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. ŞƏT çərçivəsində siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika, energetika, rəqəmsallaşma, kənd təsərrüfatı, elm, təhsil, turizm və mədəni əlaqələr üzrə geniş gündəlik formalaşıb. Bu baxımdan təşkilat müxtəlif siyasi və iqtisadi sistemlərə malik dövlətləri ortaq maraqlar ətrafında bir araya gətirən mühüm Avrasiya platformasıdır. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı ölkəmizin xarici siyasət strategiyasının məntiqi davamıdır. Azərbaycan heç bir geosiyasi bloklaşmanın alətinə çevrilmədən, müxtəlif beynəlxalq platformalarda milli maraqlarına uyğun əməkdaşlıq qurmağa üstünlük verir”.
J.Əliyevanın sözlərinə görə, məhz bu siyasət Azərbaycanın həm Avropa strukturları ilə fəal əməkdaşlıq etməsinə, həm Türk Dövlətləri Təşkilatında aparıcı rol oynamasına, həm İslam dünyasında nüfuzlu mövqe tutmasına, həm də Asiya məkanının mühüm siyasi və iqtisadi platformaları ilə əlaqələrini genişləndirməsinə imkan verir: “Azərbaycanın ŞƏT üçün əhəmiyyəti yalnız onun coğrafi mövqeyi ilə bağlı deyil. Ölkəmiz bu gün Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməkdədir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında ən mühüm bağlantı nöqtələrindən biridir. Bu baxımdan Azərbaycanın ŞƏT ilə əməkdaşlığında nəqliyyat və logistika xüsusi yer tutur. Orta Dəhlizin inkişafı, Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə, dəmir yolu və avtomobil infrastrukturunun genişləndirilməsi ŞƏT məkanında yerləşən dövlətlər üçün də yeni iqtisadi imkanlar yaradır”.
O həmçinin bildirib ki, Azərbaycan artıq sadəcə tranzit ölkə deyil: “Ölkəmiz Şərqlə Qərbi birləşdirən böyük geoiqtisadi layihələrin fəal iştirakçısı və təşəbbüskarlarından biridir. Bu reallıq Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artırır. Azərbaycanın coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu və fəal çoxtərəfli diplomatiyası ölkəmizi təşkilat üçün mühüm tərəfdaşa çevirən əsas amillər sırasındadır. Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın digər mühüm istiqaməti təhlükəsizlik məsələləridir.
Regional sabitliyin təmin edilməsi, terrorizm, ekstremizm və separatçılıqla mübarizə, transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə kimi məsələlər həm Azərbaycan, həm də ŞƏT üçün aktualdır.
Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi region nəzərə alınarsa, təhlükəsizlik sahəsində dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, müasir kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və yeni texnologiyalar sahəsində əməkdaşlıq da getdikcə daha aktual istiqamətə çevrilir”.
Deputat deyib ki, ŞƏT ilə əməkdaşlığın gündəliyində ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı, kiçik və orta biznes, gömrük və hüquqi əməkdaşlıq, elm, təhsil, səhiyyə, turizm və mədəniyyət məsələlərinin yer alması Azərbaycanın bu platformadan yalnız siyasi deyil, həm də konkret iqtisadi nəticələr əldə etmək niyyətini göstərir: “Azərbaycanın ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında regional təhlükəsizlik, terrorizm, ekstremizm və separatizmlə mübarizə kimi məsələlərin xüsusi yer tutduğu rəsmi şəkildə qeyd olunur. Son illərdə Prezident İlham Əliyevin ŞƏT sammitlərində iştirakı Azərbaycanla təşkilat arasında münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirir. Azərbaycan Prezidentinin 2022-ci ildə Səmərqənddə keçirilən sammitdə iştirakı, daha sonra Astana və digər ŞƏT platformalarında fəal təmsil olunması ölkəmizin bu təşkilatla əlaqələrə verdiyi əhəmiyyəti açıq şəkildə göstərir. Prezident İlham Əliyevin beynəlxalq platformalarda iştirakı Azərbaycanın mövqeyini ifadə etmək baxımından xüsusi əhəmiyyət daşıyır”.
Röya İsrafilova