“Bu danışıqlar sülh sazişinin imzalanması prosesinə təkan verəcək” Siyasət

“Bu danışıqlar sülh sazişinin imzalanması prosesinə təkan verəcək”

Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Tərəflər davamlı sülhün möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması və bağlantıların gücləndirilməsi istiqamətində birbaşa təmasları davam etdirmək barədə razılaşıblar.

Sözügedən görüş haqqında xalqcebhesi.az-a fikirlərini bildirən “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib ki, dialoq prosesi, belə görüşlərin keçirilməsi müsbət haldır: “Hesab edirəm ki, bu danışıqlar sülh sazişinin imzalanması prosesinə çox böyük təkan verə biləcək amildir. Şanxay Əməkdaşlıq Təşkilatı ciddi bir platformadır. Burada Azərbaycan ilə Ermənistanın dövlət və hökumət başçılarının bir araya gəlməsi sülh prosesində konkret nəticələrin əldə olunmasına xeyli dəstək olacaq. Düşünürəm ki, gələcəkdə də bu platformadan istifadə edərək danışıqlar prosesini və sülhün əldə olunması məsələsini sürətləndirmək və konkret nəticələrlə ayrılmaq mümkün olacaq”.

Röya İsrafilova