10:35
273
“İranla ABŞ arasında problem həllini tapmayıb. Dəfələrlə atışmalar, hücumlar, hava hücumları, bombardmanlar olsa da, qarşılıqlı hədəflərin vurulması və eyni zamanda dəfələrlə danışıqlar prosesi reallaşsa da, hələ ki, problemi həllini tapmayıb və hər şey yarımçıq qalıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov söyləyib.
X.Bəşirov deyib ki, buna görə də ABŞ-nin zaman-zaman İranın Hörmüz boğazı və Fars körfəzi üçün təhlükə yaradan hərbi obyektlərini hədəfi alması açıq şəkildə ortaya qoyulur: “Eyni zamanda, İranın da buna cavabları özünü gecikdirmir. Təbii ki, bu, ondan xəbər verir ki, ABŞ məsələnin həlli yolunu tapıb oradan çıxmaq üçün yollar axtarır. Amma buna nail ola bilmir. İran da geriyə adım atmır və görünən tərəf odur ki, İran üçün prosesi dayandırmaq və yaxud da geri çəkilmək heç bir halda onun marağına uyğun deyil. Bu baxımdan mən düşünürəm ki, ABŞ bu prosesdə hansısa bir yol axtarıb tapana qədər İranla bu qarşıdurmalar reallaşacaq”.
Siyasi şərhçi əlavə edib ki, əvvəlki kimi intensiv müharibəyə çevrilməsə də, bu qarşıdurmaların, qarşılıqlı hədəflərin vurulmasının şahid ola bilərik: “Ancaq bunun intensiv müharibəyə çevrilməsi üçün düşünürəm ki, İsrail tərəfinin də bu prosesə cəlb olunmasına ehtiyac var. O halda qarşıdurma intensivləşəcək, eskalasiya güclənəcək, müharibə yenidən əvvəlki kimi geniş miqyas alacaq. Əks təqdirdə, proses bu şəkildə hədəflərin vurulması formasında bir müddət davam edəcək”.
Röya İsrafilova