“Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək” Siyasət

“Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək”

Səfir: "Ümid edirəm ki, gələcəkdə İtaliyadan bura gələnlərin sayı artacaq"

"İtaliya memarları "Yanardağ"da kompleks tikilməsi üçün layihə hazırlayıblar".
Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
O bildirib ki, Azərbaycan tərəfi hələlik italyanların təklifi ilə bağlı qərar verməyib: "İtaliya tərəfindən razılıq var. Bu, əvvəlki əməkdaşlığımızın davamı ola bilər. Bu kompleks olduqca önəmlidir. Tarixi kompleksə italyan memarlarının toxunuşu olsa, bu, həm tarix, həm də turizm baxımından yaxşı olar".
"Azərbaycan və İtaliya arasında sıx siyasi əməkdaşlıq var"-deyən səfirin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması bu əlaqəni daha da genişləndirəcək.
Səfir bildirib ki, bu gün Münhendə başlayacaq 54-cü təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və İtaliya xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında görüş keçiriləcək.
"Bəli, bu il İtaliya ATƏT-ə sədrlik edir. Bu il müzakirə olunacaq mövzuların proqramı keçən ilin yanvar ayında İtaliya XİN tərəfindən təqdim olunub"-deyən ATƏT-in Minsk qrupu həmsədrlərinin bu yaxınlarda Bakıya səfərini xatırladan səfir bildirib ki, İtaliya sədr olaraq, həmsədrlərin fəaliyyətini yaxından izləyir: "Tərəflər arasında siyasi dialoq həyata keçirilir. Müəyyən müsbət nəticələr əldə olunub. İtaliya ATƏT sədri olaraq ümid edir ki, bu dialoq daha yüksək səviyyədə keçiriləcək və müsbət nəticələnəcək".
Səfir qeyd edib ki, Azərbaycanla İtaliya arasında turizm sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirir.
Səfirin sözlərinə görə, Azərbaycandan İtaliyaya gedənlər daha çoxdur: "Bu il 10 mindən çox Azərbaycan vətəndaşına İtaliya vizası verilib. Azərbaycan turizmin inkişafına böyük töhfə verir. Ümid edirəm ki, gələcəkdə İtaliyadan bura gələnlərin sayı artacaq".