Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir - TƏHLİL Siyasət

Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir - TƏHLİL

Xəzər dənizinin su səviyyəsinin sürətlə azalması artıq ayrı-ayrı sahilyanı ölkələrin ekoloji gündəliyi çərçivəsinə sığmayan, regionun iqtisadi təhlükəsizliyinə, nəqliyyat əlaqələrinə və gələcək inkişaf perspektivlərinə təsir göstərən strateji problemə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında səsləndirdiyi fikirlər bu problemin həllinə sistemli yanaşmanın vacibliyini bir daha ortaya qoyub.

Dövlət başçısı Xəzər dənizinin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunmasının bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verdiyini vurğulayıb. Bu yanaşma təsadüfi deyil. Xəzər Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranı birləşdirən mühüm iqtisadi və nəqliyyat hövzəsi olmaqla yanaşı, enerji resurslarının daşınması, beynəlxalq ticarət, balıqçılıq və sahilyanı ərazilərin sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətlidir.

Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Xəzər dənizinin səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Bu göstərici problemin miqyasını nümayiş etdirir və mövcud tendensiyanın davam etməsinin ciddi nəticələrə səbəb ola biləcəyini göstərir.

Belə şəraitdə əsas məsələ yalnız suyun səviyyəsinin azalmasını qeydə almaq deyil, bu prosesin səbəblərini dəqiq müəyyənləşdirmək, insan fəaliyyətinin təsirini qiymətləndirmək və nəticələrin qarşısını almaq üçün Xəzəryanı dövlətlərin razılaşdırılmış tədbirlərini təmin etməkdir.

Volqa çayı: Xəzərin su balansına təsir edən əsas amillərdən biri

Xəzər dənizinin dayazlaşması ilə bağlı müzakirələrdə Volqa çayının xüsusi yer tutması təsadüfi deyil. Xəzərə daxil olan çay sularının təxminən 80 faizi məhz Volqanın payına düşür. Bu səbəbdən çayın axımında baş verən dəyişikliklər dənizin su balansına birbaşa təsir göstərir.

Volqa hövzəsində su ehtiyatlarının idarə olunması, çay üzərində su anbarlarının və hidrotexniki qurğuların fəaliyyəti, suvarma məqsədilə su götürülməsi, sənaye və digər təsərrüfat ehtiyacları üçün istifadə Xəzərə çatan suyun həcminə təsir göstərə bilən amillərdir. Çay axınının müəyyən hissəsinin su anbarlarında toplanması və suyun müxtəlif məqsədlərlə sərf edilməsi təbii axım rejimini dəyişdirir. Bu təsirlərin Xəzərə daxil olan suyun həcminə hansı miqyasda təsir göstərdiyi isə müntəzəm ölçmələr və elmi təhlillər əsasında müəyyənləşdirilməlidir.

Volqa çayı üzərində yaradılmış geniş su anbarları sistemi və su ehtiyatlarından istifadə qaydaları bu baxımdan xüsusi diqqət tələb edir. Burada söhbət yalnız ayrı-ayrı hidrotexniki qurğulardan deyil, bütövlükdə çay hövzəsinin idarə edilməsindən gedir. Su ehtiyatlarının bölüşdürülməsi zamanı hövzənin aşağı axınında yerləşən ekosistemlərin, o cümlədən Xəzər dənizinin ehtiyaclarının nəzərə alınması mühüm əhəmiyyət daşıyır.

Dənizin su balansına yağıntılar, temperaturun yüksəlməsi, səthdən buxarlanma və digər hidroloji amillər də təsir edir. Lakin Volqanın Xəzərin əsas su mənbəyi olması insan fəaliyyətinin bu çay hövzəsində yaratdığı dəyişikliklərin hərtərəfli araşdırılmasını zəruri edir.

Məhz buna görə də Volqa hövzəsində su anbarlarının fəaliyyəti, suvarma və sənaye məqsədilə su götürülməsi, çayın müxtəlif hissələrində axımın dəyişməsi barədə məlumatların Xəzəryanı dövlətlər arasında mübadiləsi xüsusi əhəmiyyət daşıyır. Belə məlumatlar olmadan problemin antropogen səbəblərinin miqyasını dəqiq qiymətləndirmək və uzunmüddətli tədbirlər hazırlamaq çətindir.

Problemin kökləri və Prezident İlham Əliyevin vaxtında irəli sürdüyü təşəbbüs

Prezident İlham Əliyev Xəzər dənizinin dayazlaşması problemini yeni gündəmə gətirməyib. Dövlətimizin başçısı hələ 2022-ci il iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bu məsələyə xüsusi diqqət çəkib və problemin səbəblərinin araşdırılması, fəsadların qarşısının alınması məqsədilə Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.

Sonrakı illərdə su səviyyəsinin azalmasının davam etməsi həmin təşəbbüsün aktuallığını daha da artırıb. 2026-cı il oktyabrın 9-da Türkmənbaşıda keçirilən sammitdə Prezident İlham Əliyev problemin ümumi müzakirəsindən daimi fəaliyyət göstərən əməkdaşlıq mexanizminin yaradılmasına keçməyin vacibliyini vurğulayıb.

Sammitin yekunlarına dair Xəzəryanı Dövlətlərin Başçılarının Qərarında beştərəfli Komissiyanın təsis edilməsi nəzərdə tutulub. Komissiyanın əsas vəzifəsi Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərini müəyyənləşdirmək, dayazlaşmanın mənfi nəticələrinə qarşı mübarizə üzrə razılaşdırılmış kompleks tədbirlər hazırlamaq və onların həyata keçirilməsini təmin etməkdir. Qərara əsasən, Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır.

Bu qərar Azərbaycanın təşəbbüsünün konkret institusional nəticəyə çevrilməsi baxımından əhəmiyyətlidir. Çünki Xəzərin dayazlaşması ilə bağlı müzakirələrin davamlı nəticə verməsi üçün dövlətlər arasında siyasi iradə ilə yanaşı, daimi fəaliyyət göstərən koordinasiya mexanizmi də lazımdır.

Ekoloji problemdən iqtisadi və strateji çağırışa

Xəzərin su səviyyəsinin azalmasının nəticələri sahil xəttinin geri çəkilməsi ilə məhdudlaşmır. Dayazlaşma limanların fəaliyyətinə, gəmiçilik marşrutlarına, yükdaşıma imkanlarına, balıqçılığa və dəniz ekosisteminin tarazlığına təsir göstərir. Su səviyyəsinin enməsi nəticəsində bəzi sahələrdə limanlara giriş kanallarının dərinliyi və gəmi hərəkəti üçün əlverişli şərait dəyişə bilər. Bu isə əlavə texniki tədbirlər və infrastruktur xərcləri tələb edir.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu nəzərə alınarsa, Xəzərin dayazlaşmasının iqtisadi nəticələri daha aydın görünür. Şərq-Qərb istiqamətində yükdaşımaların, Orta Dəhlizin və Xəzər üzərindən həyata keçirilən tranzit əməliyyatlarının səmərəliliyi dənizdə sabit və proqnozlaşdırılan şəraitin mövcudluğundan asılıdır. Su səviyyəsinin azalması limanların və gəmiçilik infrastrukturunun uzunmüddətli planlaşdırılmasını çətinləşdirə bilər.

Ekoloji baxımdan isə dayazlaşma sahilyanı bataqlıqların və digər təbii yaşayış mühitlərinin dəyişməsinə, biomüxtəlifliyin azalmasına, balıq ehtiyatlarının və Xəzərin nadir fauna növlərinin həyat şəraitinin pisləşməsinə səbəb ola bilər. Bu proseslərin sosial-iqtisadi nəticələri də qaçılmazdır: balıqçılıqla məşğul olan əhalinin dolanışığı, sahilyanı yaşayış məntəqələrinin inkişafı və təbii ehtiyatlardan istifadə imkanları risk altına düşür.

Deməli, Xəzərin qorunması təkcə ekoloji qurumların vəzifəsi deyil. Bu, nəqliyyat, energetika, kənd təsərrüfatı, iqtisadiyyat və regional təhlükəsizlik siyasətinin uzlaşdırılmasını tələb edən kompleks məsələdir.

Beştərəfli əməkdaşlıq real nəticələrə çevrilməlidir

Xəzərin dayazlaşmasının qarşısını almaq üçün ilk növbədə elmi əsaslara söykənən ortaq fəaliyyət planı hazırlanmalıdır. Bunun üçün dənizin su balansına daxil olan və ondan itirilən suyun həcmi, çay axınlarının dinamikası, buxarlanma göstəriciləri və antropogen təsirlər vahid metodologiya əsasında qiymətləndirilməlidir.

Xüsusilə Volqa çayının axımı, su anbarlarının idarə olunması, suvarma və sənaye məqsədilə su götürülməsi ilə bağlı məlumatların müqayisəli təhlili vacibdir. Bu, həm insan fəaliyyətinin təsirini müəyyənləşdirməyə, həm də təbii iqlim dəyişikliklərinin rolunu daha dəqiq qiymətləndirməyə imkan verə bilər.

Növbəti mərhələdə Xəzəryanı dövlətlər su ehtiyatlarından səmərəli istifadə, ekoloji axımın qorunması, məlumat mübadiləsi və birgə monitorinq sahələrində konkret əməkdaşlıq mexanizmləri müəyyən etməlidirlər. Bununla yanaşı, liman və nəqliyyat infrastrukturunun dəyişən su səviyyəsinə uyğunlaşdırılması, sahilyanı ekosistemlərin qorunması və risklərin uzunmüddətli qiymətləndirilməsi də ortaq fəaliyyət planının tərkib hissəsi olmalıdır.

2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya və digər mövcud beynəlxalq sənədlər əməkdaşlıq üçün mühüm hüquqi baza yaradır. İndi əsas məsələ bu bazanın praktiki mexanizmlərlə tamamlanması, dövlətlərin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi və qəbul edilmiş qərarların icrasına nəzarətin təmin olunmasıdır.

Azərbaycan Prezidentinin stratreji baxışı

Prezident İlham Əliyevin Türkmənbaşı sammitindəki çıxışı Xəzərin dayazlaşmasına münasibətdə Azərbaycanın mövqeyini aydın şəkildə ortaya qoyur: problemin həlli ayrı-ayrı ölkələrin fərdi səyləri ilə deyil, bütün Xəzəryanı dövlətlərin uzlaşdırılmış fəaliyyəti ilə mümkündür.

Volqa çayının su ehtiyatlarının idarə olunması, su anbarlarının və digər hidrotexniki qurğuların təsiri, eləcə də çay axımının azalmasına səbəb olan amillər bu prosesin araşdırılmasında xüsusi yer tutmalıdır. Eyni zamanda, iqlim dəyişmələrinin və buxarlanmanın rolunu elmi əsaslarla qiymətləndirmək vacibdir. Məqsəd problemin səbəblərini siyasi mübahisə predmetinə çevirmək deyil, bütün amilləri müəyyənləşdirərək Xəzərin su balansının qorunması üçün işlək həllər tapmaqdır.

2022-ci ildə irəli sürülmüş təşəbbüsün 2026-cı ildə beştərəfli Komissiyanın yaradılması barədə qərarla davam etdirilməsi Azərbaycanın məsələni uzunmüddətli regional gündəlikdə saxladığını göstərir. Komissiyanın qarşısında duran əsas vəzifə bu siyasi razılaşmanı elmi araşdırmalara, konkret tədbirlərə və nəticələrin müntəzəm qiymətləndirilməsinə çevirməkdir.

Xəzər dənizinin gələcəyi yalnız sahilyanı ölkələrin deyil, regionun nəqliyyat, enerji və ekoloji təhlükəsizliyinin də gələcəyidir. Buna görə də dənizin qorunması ortaq məsuliyyət, davamlı əməkdaşlıq və uzunmüddətli strateji planlaşdırma tələb edir.