“Soyuq Müharibənin yeni fazası yaxın gələcəkdə davam edəcək” Siyasət

“Soyuq Müharibənin yeni fazası yaxın gələcəkdə davam edəcək”

Rusiyalı diplomatların "Skripal işi" ilə bağlı qovulması istiqamətində NATO ölkələrini həmrəyliyə çağırmaq üçün Solsberi hadisəsində Moskvanın iştirakını təsdiqləyən ən azı bir sübutun olması lazımdır. Bu sözləri Xristian-Demokrat Birliyinin sədr müavini Armin Laşet deyib. "Bütün NATO ölkələrini həmrəylik göstərməyə inandırdığınız zaman ən azı bir sübutunuz olmalıdır axı?" - Laşet qeyd edib. Laşet həmçinin britaniyalı ekspertlərin Skripalın zəhərləndiyi maddənin mənşəyini hələ də aşkar edə bilmədiklərini deyib.
Qeyd edək ki, Solsberi şəhərində Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsindən sonra bir çox ölkə rus diplomatlarını qovub.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə vurğulayıb ki, Avropa ilə Rusiya arasında yaranan gərginlik, rus diplomatların ölkələrinə geri göndərilməsi münasibətlərə təsir edən bir amildir. O qeyd edib ki, Avropanın müəyyən təhlükələrdən qorunma faktoru qabarıq şəkildə hiss edilir. Politoloqun fikrincə, Skripal və onun qızının zəhərlənməsi faktı ilə bağlı Böyük Britaniya artıq daha aktiv fazaya keçib: "İngiltərə Avropa dövlətlərini də cəlb edərək Rusiyaya qarşı sanksiya tətbiq etmək fikrinə düşüb. Vəziyyət olduqca gərgindir. Çünki Rusiya zəhərlənmə faktını öz üzərinə götürmür. Rusiya hesab edir ki, ona böhtan atılır və əsassız bəyanatlar səsləndirilir".
Politoloqun fikrincə, bu mürəkkəb vəziyyət, Soyuq Müharibənin yeni fazası yaxın gələcəkdə davam edəcək.
O qeyd edib ki, hələ Soyuq Müharibə dövründə Rusiya ilə Qərb arasındakı gərginlikdə müəyyən səngimə var idi. Onlar müəyyən kompromislərə gəlirdilər: "Lakin hazırda heç bir razılıq əldə edilməsi amilini görmürəm. Rusiya təklənib və onun yaxın müttəfiqləri yoxdur. Rusiya Asiyaya üz tutaraq Türkiyə, Çinlə əməkdaşlıq etmək istəyir. Hesab edirəm ki, gərginliyin yumşaq fazaya keçməsinə ümid yoxdur".