Müsavat AXCP ilə müzakirələr aparmır Siyasət

Müsavat AXCP ilə müzakirələr aparmır

Arif Hacılı: "Hər hansı birliyin yaradılması söhbəti yoxdur"

"Mətbuatda müxalifətin yeni birlik, koalisiya yaradacağı barədə məlumatlar çox şişirdilib. Əslində söhbət hər hansı danışıqlardan yox, müəyyən müzakirələrdən gedir. Sadəcə, ayrı-ayrı ictimai birliklər və tanınmış ictimai-siyasi xadimlərlə funksional əməkdaşlıq, perspektivdə koalisiyaların qurulması və başqa məsələlərlə bağlı ilkin müzakirələr aparılır".
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı müxalifətin yeni birlik yaradacağı barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
A.Hacılı qeyd edib ki, Müsavat Partiyası ölkədə və regionda baş verən hadisələrlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatlarla əməkdaşlıq şəraitini qorumağa və müəyyən koalisiyaların qurulmasına çalışır. Müsavat funksioneri onu da deyib ki, bu istiqamətdə müxtəlif təşkilatların nümayəndələri ilə əlaqələr olsa da, AXCP nümayəndələri ilə hər hansı birliyin yaradılması haqda müzakirələr aparılmır.